“Kəpəz”in futbolçusu Ahmed Ayzaya klubu ilə birlikdə Antalyaya təlim-məşq toplanışına gedə bilməməsi ilə bağlı danışıb.
Futbolinfo.az-a açıqlama verən futbolçu viza problemləri yaşadığını bildirib: “Viza problemi oldu. Bu səbəbdən Antalyaya gedə bilmədik. Hələlik burada məşq edirik”.
Nigeriyalı yarımmüdafiəçi məsələnin həll olunacağını da bildirib: “Bu gün və ya sabah problem aradan qaldırılmalıdır. Ola bilsin ki, sabah təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanım”.
Ayzaya ilə yanaşı, Abdullahi Şuaybu da Türkiyəyə yollanmayıb. Yalnız afrikalıların Türkiyəyə gedə bilməməsi səbəbsiz deyil. Qardaş ölkədə bu qitədən gələnlərlə bağlı ciddi araşdırma aparılır. Bunun üçün xeyli öncədən müraciət etmək lazımdır. Necə ki digər klublar bunu edib və problem uaşamayıblar. Görünür, “Kəpəz” səhlənkarlıq edib, vaxtında işin üstünə düşməyib, məsələni ciddiyə almayıb.
Sözügedən cütlük tezliklə Türkiyəyə yollanacaqsa da, komandanın hazırlığının əsas hissəsindən kənar qalmalı oldular. “Kəpəz” yanvarın 7-dən Antalyadadır və 18-də geri qayıdacaq.