Hamının yeni oyunçular alacağını gözlədiyi “Neftçi”, əksinə, heyətindəki oyunçuları satmaqla məşğuldur. Az öncə “Arouka”ya getdiyi açıqlanan Yusuf Lavalla bağlı qərar da gözlənilməz oldu.

Nigeriylı futbolçu Mamadu Kane və Sabir Buqrindən sonra “Neftçi”nin indiki rəhbərliyinin vaxtında heyətə cəlb edilib xaricə satılan 3-cü futbolçudur. Onların hər biri transfer edildikləri qiymətdən baha satılıb, amma elə bunun nəticəsidir ki, sabit heyət qurmaq mümkün olmur.

2020-ci il iyulunda Belçika “Lokeren”indən transfer edilən nigeriyalının “Neftçi” ilə yarım illik müqaviləsi qalırdı. Klub son vaxtlar oyununda düşüş olan, Laurentsiu Regekampfın o qədər də bəyənmədiyi oyunçunu satıb baş məşqçinin istədiyi futbolçuları transfer etmək istəyir. Qış fasiləsində bu, o qədər də asan olmayacaq. Bakılıların heyəti gücləndirmək üçün bir futbolçu transfer edə bilmədiyi halda, başqa birini satması maraqlı məqamdır.

Azərbaycan Premyer Liqasının tanıdılması, çempionatımızın təbliğatı baxımından bu addımı alqışlamaq olar. Lakin “Neftçi”nin hazırda daha çox güclənməyə ehtiyacı var. Söhbət Kadi Borgesin satışında olduğu kimi milyonlardan getsəydi, başa düşülərdi. İş ondadır ki, Laval çox kiçik məbləğə buraxılacaq. Dəqiq rəqəm bəlli olmasa da, söhbətin 300-400 min dollardan getdiyi deyilir.

Hadisələrin gedişini izləyək. Bəlkə “Neftçi” həqiqətən də bu pulu daha sanballı transferlərə xərcləyəcək, daha istedadlı oyunçular tapacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp