Kvabena Ovusunun yeni mövsümə “Qarabağ”da başlamayacağı dəqiqdir. Qanalı hücumçu karyerasını Macarıstanda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsində ağdamlılara uduzan “Ferentsvaroş” futbolçunu heyətinə qatacaq. Tərəflər 2 illik müqavilə məsələsində razılığa gəliblər. Ovusunun müqaviləsinin bitiminə 6 ay qalarkən başqa klublarla danışıq aparmaq ixtiyarı olduğundan, “Qarabağ” ona əngəl törətməyib.

Amma Kvabena Ağdam təmsilçisini elə bu qış tərk etmək istəyir. Macarıstan mətbuatının yazdıqları doğrudur. Hücumçu həqiqətən də “Qarabağ” rəhbərliyinə onu indi satmalarını təklif edib. Belədə həm klub maliyyə baxımından irəli düşəcək, həm də Ovusu daha yüksək maaşı elə indidən almaq imkanı qazanacaq.

Hazırda “Qarabağ” bu variant üzərində düşünür. 26 yaşlı forvardı buraxmaq üçün yeni hücumçu tapmaq lazımdır. Ağdamlılar danışıq apardıqları hücumçunu heyətinə qata bilsə, Ovusu elə bu ay Macarıstana yollanacaq. Əks halda, futbolçu yaya, yəni müqaviləsinin sonuna kimi ölkə çempionunun düşərgəsində olacaq. Hər şey “Ferentsvaroş”un təklif etdiyi məbləğdən, paralel olaraq “Qarabağ”ın edəcəyi transferlərdən asılıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp