Azər Cabbarov ölkənin tanınan futbolçularından olub. Cinah müdafiəçisi kimi aparıcı klublarımızda çıxış edən bu şəxs, indi də ölkənin tanınan uşaq məşqçilərindəndir. Son vaxtlar futbolumuzda fərqli yol cızan “Zəngəzur”da çalışan mütəxəssislə müsahibədə həm də problemləri müzakirə etdik.

– Uzun müddətdir ki, uşaq futbolunda fəaliyyət göstərirsiniz. İşləriniz necə gedir?

– Sizin də dediyiniz kimi, neçə vaxtdır uşaq futbolu ilə məşğul oluram. Bu işimi çox sevirəm. Futbol oynayanda deyirdim ki, heç vaxt məşqçi işləmərəm. Elə oldu ki, məşqçiliyə başladım. Onda da düşünürdüm ki, uşaq futbolunda qəti çalışmaram, ancaq uşaq futboluna gələsi oldum. Burada da elə uşaqlarla rastlaşdım ki, futbolu mənə sevdirdilər. Elə ovaxtdan uşaq futbolundan əl çəkə bilmirəm və işimdən həzz alıram.

– Niyə uşaq futbolunda çalışmaq istəmirdiniz?

– Fikirləşirdim ki, məşqçilik sevimsiz işdir, uşaqları başa salmaq, fikrini onlara çatdırmaq çətin olar. Amma elə komandaya düşdüm ki… Əslində, biz uşaqlara futbolu sevdirməli idik, onlar bizə bu peşəni daha da sevdirdilər. Onlarla işləyəndən sonra adam böyük futbola gəlmək istəmir.

– Bəs, “Zəngəzur” futbol məktəbinə keçidiniz necə baş tutub?

– “Neftçi”də işlədiyimiz zaman “La Masiya” futbol məktəbi açdıq. Ötən il Sakaryadakı turnirdən gələndən sonra bir iş adamı zəng elədi, görüşüb söhbət etdik. Komandaya dəstək vermək istəyirdi. Təklif etdi ki, komandanın adını dəyişək, “Zəngəzur” qoyaq. Biz də razılaşdıq. Böyük dəstək olurlar, uşaqlara hər cür şərait yaradırlar, bizi turnirlərə göndərirlər.

– Uzun müddət Azərbaycanı ölkə xaricində uğurla təmsil edən “Qarabağ” eyni zamanda Qarabağ adını dünyaya tanıtdı. Komandanızın adının “Zəngəzur” qoyulması da eyni məqsədi daşıyır?

– Tamamilə doğrudur. “Zəngəzur” adı ilə Türkiyədə, Almaniyada turnirlərə qatılmışıq. Sponsorumuz özü Zəngəzurdandır. O bildirdi ki, “Qarabağ” komandası Azərbaycanı Avropada yüksək səviyyədə təmsil edir, biz də uşaq futbolunda “Zəngəzur”la bu addımı atmalıyıq. Gələcəklə bağlı çox böyük layihələrimiz var.

– Layihədə gələcəkdə Premyer Liqada iştirak edəcək komanda yaratmaq var?

– Hələ ki, yoxdur. Amma yəqin ki, uşaq futbolu irəli getdikcə əsas komanda da yaradılacaq.

cd3c2c01 3370 47ae a214 11cb31b9800f - Futbolinfo.az

– Məktəbdə neçə futbolçu və məşqçi var?

– 2010-cu ildən 2016-cı ilə qədər yaş qruplarımız var. U-8-dən tutmuş U-13-ə qədər komandalarımız respublika çempionatlarında iştirak edir. Eyni zamanda turnirlərdə çıxış edirik. Ümumilikdə 200-dən çox yetirməmiz və 10 məşqçimiz var. Məşqçilərimiz çox bacarıqlıdırlar.

– Premyer Liqa klublarının uşaq komandaları nadir hallarda beynəlxalq turnirlərə yollandığı halda, siz tez-tez yarışlara getdiyinizi deyirsiniz…

– Yeniyetmələrin indidən beynəlxalq turnirlərə qatılması çox vacibdir. Uşaqlar ölkə daxilində yaxşı futbol oynayırlar. Bunu millinin məşqçiləri də təsdiqləyir. Amma adicə Türkiyədə meydana çıxanda ayaqları əsir. Bu da beynəlxalq turnirlər görmədikləri üçündür. Uşaqlarımızın təcrübə toplamaları, tanınmaları üçün ölkə xaricinə mümkün qədər çox getməliyik. Azərbaycanda akademiya adı deyirlər, amma belə bir şey yoxdur. “Qarabağ”, “Neftçi”, “Sabah”, “Vətən”də yaxşı komandalar var. Ancaq 4-5 güclü rəqib uşaq üçün çox azdır. Almaniyaya turnirə getdiyimiz zaman dünyanın hər yerindən ora gələn komanda gördük. Biz getdiyimiz zaman təkcə Düsseldorf şəhərində yeniyetmələr arasında üç turnir keçirilirdi. Xarici turnirlərə getməsəydik, heç bir oyunçumuzu tanımazdılar. Amma indi uşaqlarımızın hamısını “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Altınordu”, “Konyaspor”, “Kayserispor” kimi klublarda adla tanıyırlar. Etiraf edək ki, futbolumuza yuxarıdan aşağı baxırdılar. Amma “Qarabağ”ın avrokuboklardakı çıxışından sonra fikirləri dəyişib. “Qarabağ”dan artıq “Krasnodar”a oyunçu transfer olundu, “Neftçi” Portuqaliya klubuna futbolçu satır. Bu işi daimi görə bilmək üçün təməli düzgün qurmaq lazımdır. Azərbaycanlı uşaqları Çempionlar Liqasında görmək istəyiriksə, onları uşaqlıqdan doğru yönləndirməliyik.

– Getdiyiniz beynəlxalq turnirlərdə yetirmələrinizə xarici klubların marağı olmur?

7628dd5c ddf2 4038 9554 4eacddf27905 - Futbolinfo.az

– Maraq çox olur. Bir uşağı “Fənərbaxça” istəmişdi, birini də “Altınordu”ya dəvət elədilər. Valideyni ilə getmişdik, atasına ev, iş təklif elədilər ki, köçüb orada yaşasınlar. Türkiyədə 4 turnirə qatılmışdıq. Bizim uşaqları orada çox bəyənmişdilər. Hər turnirdən sonra yaxınlaşıb danışırdılar. Ötən ilin dekabrında İzmirə dəvət elədilər. Açığı, 5 uşağımızı istəyiblər. Birini aparmışdıq, valideyni də bizimlə idi. İzmirdə 4 bazaları var, onları gəzdik, klubun prezidenti ilə görüşdük. Dedi ki, Azərbaycanla bir körpü yaratmaq istəyirəm, bu körpünü də “Zəngəzur”la salacağam. Yaxın zamanlarda uşaqlarımız Türkiyənin aparıcı klublarında ola bilərlər.

– Yalnız Türkiyə klublarından təkliflər almısınız?

– Dörd oyunçumuz Köln akademiyasının məşqlərinə çıxmışdı. Koordinatorları məşqdən sonra dedi ki, hamısı yüksək səviyyədə futbol oynayır, dördünü də kluba cəlb etmək istəyirik. 2013-cü il təvəllüdlü Məsud Poladov, Məhəmməd İsmayılzadə, 2012-ci il təvəllüdlülərdən isə Kənan Həsənli və Ayxan Əkbərlini bəyənmişdilər. Bildirdilər ki, yaşayış icazəsi düzəldə bilsəniz, onları götürməyə hazırıq. Hətta əlavə elədi ki, Azərbaycana gələrək sizin bazanızı, məşqlərinizi görməyi çox istərdim. Düzdür, bizim hələ bazamız yoxdur. Fikirləri Almaniyaya gedib (gülür).

– Həmin uşaqların aqibəti necə oldu?

– Valideynləri ilə danışdıq. Hamısının burada öz işi var, getməyə razı olmadılar. Uşaqların da bu yaşda tək yollanmasını istəmədilər.

– Dediniz ki, bazanız yoxdur. Bəs, məşqləri harada keçirsiniz?

– Məşqlərimizi “ASK Arena”da keçirik. Bir komanda məşq edib çıxır, sonra o biri gəlir. Bu qaydada hazırlaşırıq.

e8f74bec b7d4 4918 99ef 188bb6546ed4 - Futbolinfo.az

– Bu cür çalışmaq çətin olmur?

– Çox çətindir. Təkcə biz yox, bütün klubların aşağı yaş qrupu üzrə komandaları bu vəziyyətdədir.

– Xaricdəki akademiyalarla buradakı uşaq futboluna yaradılan şərait arasında fərq böyükdür?

– Uşaq futbolunun təməli üçün hər şeyləri var. Almaniyada ağlımıza gəlməyən şeylər gördük. Beynəlxalq turnirlər üçün başqa ölkələrə də gedəcəyik. Bizdə şərait deyilən şey yoxdur. Orada hər uşağa fərqli vitamin verirlər. Aşağı yaş qruplarının məşqlərini dronla çəkirlər. Almaniyada məşqdən çıxandan sonra koordinator məndən soruşdu ki, neçə kamera ilə çəkiliş edirsiniz. Deyə bilmədim ki, Azərbaycanda çox klubun çəkiliş aparmağa heç kamerası yoxdur. Hər akademiyada psixoloqlar, yüngün atletika, akrobatika, gimnastika məşqçiləri var. Biz uşaqlara nəsə vermirik, amma onlardan çox şey istəyirik.

– Azərbaycanda rəhbərlər niyə uşaq futboluna maraq göstərimirlər?

– Elə böyük maraq göstərilmir, stadion yoxdur, turnirlər keçirilmir, oyunlar çox azdır. Meydançalarımızın keyfiyyəti də olduqca aşağıdır. 18-19 yaşlı uşaqlar əməliyyat olunurlar. Hamısı süni meydançalarda hazırlıq keçməyin nəticəsidir. Uşaqlar təbii otda hazırlaşmasalar, çox çətin olacaq. İlk dəfə Sakaryadakı turnirə gedəndə uşaqlara heç nə deyə bilmirdik. Topun traektoriyasını hiss etmirdilər. Nə düz-əməlli ötürmə verə, nə də driblinq edə bilirdilər. Çünki ona qədər təbii ot görməmişdilər. Beynəlxalq turnirlərə getdikdə uşaqlar həm də yaşıl meydança görür, güclü rəqiblərlə qarşılaşır. Oradakı ab-hava inanılmazdır. Bizim çempionatda hamı nəticəyə oynayır, qələbə qazanmaq istəyir. “Zəngəzur” klubu bu məsələyə başqa cür yanaşır. Rəhbərliklə ilk gündəki danışıq zamanı dedik ki, heç bir komandamız nəticəyə oynamayacaq. Çünki bizim işimiz uşaq yetişdirməkdir. İnanırsınız, “Altınordu”nun prezidenti aşağı yaş qrupunun bütün uşaqlarını tanıyır. İnanmıram ki, Azərbaycanda klub prezidenti akademiyadakı uşaqları tanıyar. Çünki onlar uşaqları yetişdirib xarici klublara satmağı planlaşdırırlar. Yalnız sata bilmədikləri oyunçuları “Altınordu”nun əsas komandasına cəlb edirlər.

– Uşaq futbolundakı bu şəraitsizlik fonunda Azərbaycan futbolu necə inkişaf edə bilər?

– Bunları klub rəhbərlərinə demək lazımdır. Tez-tez AFFA-da seminarlara qatılırıq. Aslan Kərimov seminarlara rəhbərlik edir. Orada uşaqlarla çalışarkən nəyə diqqət yetirmək lazım olması barədə gözəl istiqamətlər verirlər. Aslan Kərimovu bu il dörd dəfə Hövsanda görmüşəm. Təkcə seminarla kifayətlənmir, gedib uşaq komandalarının ölkə çempionatı oyunlarını izləyir, məşqçilərin davranışlarına diqqət yetirir. Amma klubların hamısı nəticə barədə düşünür. Aslan da deyir ki, seminarda sizə başqa istiqamət veririk, bura gəlib başqa cür çalışırsınız. Aşağı yaş qruplarında çempionluq barədə düşünürlər. Bu il çox yaxşı qərar verdilər, U-13 liqasına qədər xallar hesablanmır. Buna baxmayaraq, komandalar yenə bəzi uşaqlara şans vermirlər, oyunlarda cəmi 3-5 dəqiqə meydana çıxırlar.

111112cb 9381 4029 8798 6636928f81f2 - Futbolinfo.az

– Bəs “lipa” problemi ilə üzləşmirsiniz?

– Xeyr, belə bir şeylə rastlaşmamışıq. Əksinə, biz çalışırıq ki, uşaqlarımız özlərindən böyüklərlə oynasınlar. 12 yaşlı uşaqları U-13 liqası matçlarına buraxırıq. Xaricdəki turnirlər zamanı rəqib uşaqların həm boy, həm də fiziki göstəricilərdə bizimkilərdən üstün olduqlarını görürük. Burada uşaqları özlərindən böyüklərə qarşı oynadırıq ki, beynəlxalq turnirlərə hazırlaşa bilsinlər.

– Bildirdiniz ki, xarici klubların yeniyetmələrə marağı olur. “Zəngəzur”dan Azərbaycan Premyer Liqası klublarına gedənlər olmur?

– Bəli, uşaqlarımızla maraqlanırlar. Bir neçəsi də o klublara gedib.

– Oyunçu keçidi zamanı maliyyə gəliri götürürsünüz?

– Heç bir maliyyə gəliri olmur. Uşaq istədiyi kluba rahatlıqla gedə bilir. İnşallah, gələcəkdə öz bazamız tikiləcək, ondan sonra uşaqların orada qalmaq, yemək, məktəbə getmək məsələləri həll ediləcək. Əgər akademiyamız olsa, o zaman uşaqları yetişdirərək, böyük komandalara, eyni zamanda xarici klublara göndərməyə çalışacağıq.

CAVAD

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 2 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp