Hər il dekabrın 31-də Yeni İl bayramı ilə yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də qeyd edirik. Dünyanın hər tərəfinə yayılan soydaşlarımızı yad edir, birlik nümayiş etdirmək üçün müxtəlif tədbirlər keçiririk.

Amma kim nə deyir desin, futbol təsərrüfatımız qədər heç bir qurum soydaşlarımıza “dəstək ola bilmir”. Elxan Məmmədovun AFFA-ya baş katib seçilməsindən sonra bu istiqamətdə “mütərəqqi” addımlar atıldı, hətta uzaq qohumu azərbaycanlı olanlar belə yada salındı. Hətta bir az da irəli gedərək Türkiyə vətəndaşları yığmamıza cəlb olundu. Bu mənada Rusiya azərbaycanlıları və dağıstanlılara daha çox tələbat yarandı. İstər milli, istərsə də AFFA-ya bağlı olan, hətta olmayan klublar belə axtarışa başladı.

Əslində, bu tendensiyanı tək ölkəmizə də aid etmək olmaz. Ətraf regionlara diqqət ayırsaq, Almaniya, Niderland və Avstriya kimi ölkələrdə doğulan türklərin Türkiyə millisində və ya Super Liqa klublarında oynadığını görərik. Amma qardaş ölkənin futbol funskionerləri bu oyunçuların hamısının “saqqızını oğurlaya bilmir”. Çox uzağa getmədən Məsut Özil və İlkay Gündoğan nümunəsini xatırlaya bilərik. Bu oyunçular Almaniya millisində oynamaq qərarına gəldi.

Klubların təkliflərini dəyərləndirməyə gəlincə, Özil Avropanın aparıcı klublarında oynadıqdan sonra, yəni karyerasının qürub çağında “Fənərbaxça”nın təklifini qəbul etdi. İlkay isə hələ də “Mançester Siti”də oynamağın dadını çıxarır.

Amma istənilən halda, bu halları Azərbaycanla müqayisə etmək doğru olmazdı.  Almaniyanı qoyub Türkiyəni seçmək bəlkə də geriyə doğru addım atmaq kimi qələmə verilə bilər, amma istənilən halda bu addımı atan malikanədən çıxıb palçığa düşmür. Yəni, Türkiyə millisi Avropanın güclü komandalarından biri sayılırsa, Super Liqa da sayılıb-seçilən çempionatlardan biri kimi tanınır. Amma Rusiyanı qoyub Azərbaycana gələn həmyerlilərimiz dağdan dərəyə doğru yuvarlanır.

Məsələn, biz burada futbolçularımızı inkişaf etmək üçün ölkə xaricinə getməyə səsləyiriksə, Rusiya kimi normal futbol ölkəsindən olanların buraya gəlməsinə necə isti münasibət göstərmək olar? Əslində, şimal qonşularımızın yığmasında oynamaq imkanı əldə edə bilməyən həmyerlilərimizə millimizin qapısını açmaq normal haldır. Bu həm oyunçu üçün yaxşıdır, həm də milli komandamız üçün. Amma Rusiya çempionatını qoyub Azərbaycan klublarının təklifini qəbul etmək yuxarıda qeyd etdiyimiz kimi, dərəyə yuvarlanmaq deməkdir.

Məlum məsələdir ki, bu oyunçuların da işləri Rusiya klublarında qaydasında getmir. Əks halda, klublarımıza gözlərinin ucu ilə baxmazlar. Amma Rusiyanın hansısa bir klublarında işləri qaydasında getməyən oyunçu o demək deyil ki, Azərbaycana gəlməlidir. Əlbəttə, bura gəlib işini qaydaya salanlar, daha doğrusu, ucalanlar da olub. Bu mənada ağıla birinci Şahrudin Məhəmmədəliyevlə Bədavi Hüseynov gəlir. Doğrudur, onlar əslən azərbaycanlı deyil. Amma yenə də “Qarabağ” kimi klubun diqqətini cəlb etmək doğru istiqamət üzrə hərəkət etmək deməkdir.

Eyni sözləri, hətta daha artığını Ramil Şeydayevə də aid etmək olar. Şahrudinlə Bədavi Dağıstandan çıxıb çox da qabağa gedə biməyəcəkdi, Ramil isə Rusiya millisinin gələcəyi kimi qələmə verilirdi. Amma AFFA-nın felinə aldanıb “Trabzonspor”a üz  tutan Şeydayev özünə quyu qazdı. Onun keçdiyi keşməkeşli yola yenədən işıq salmağa ehtiyac yoxdur. Ramil indi-indi işıq üzünə çıxır, son bir neçə mövsümdə “Qarabağ”ın aparıcı futbolçularından birinə çevrilib. Amma bu futbolçunun yeniyetməlik illərinə baxanda onun Avropa yolu tutacağını gözləyirdilər.

“Qarabağ”dan danışdıqsa, Ağdam klubunun heyətində yığmamızın üzvü Filip Ozobiçin də adını çəkmək olar. Doğrudur, Filip əslən xorvat olduğundan onu çox da qınamağın mənası yoxdur.  Sadəcə, onu demək olar ki, Ozobiç də peşəkar karyerasına Rusiyada başlayıb. Bu, hələ son deyil. “Qarabağ”ın 3-cü qapıçısı Amin Ramazanov “Lokomotiv”in yetirməsidir.

“Neftçi” də “Qarabağ” kimi Rusiyadan çıxan yerlilərə qucaq açan klublardandır. Məsələn, Şeydayevin bir tayı da Emin Mahmudovdur. AFFA Ramilin kompasını əlindən alıb onu  “Zenit”dən “oğurladısa”, Emin Mahmudovu “Boavişta” adı ilə Rusiyadan qaçırtdılar. AFFA Portuqaliyada Eminə sahib çıxmayınca, “ziyanın yarısından qayıtmaq xeyirdir” deyib onu “Neftçi”yə gətirdi. Son 5 ildə Emin “Neftçi”nin liderinə çevrilsə də, öz karyerasına gün ağlaya bilmədi.

Hələ bu azmış kimi ötən il “Ufa”dan Azər Əliyevi də bura gətirdilər. Özü də Azəri maraqlı bir fəndlə tora saldılar. Onu Rusiya vətəndaşı kimi gətirib ehtiyat oyunçular skamyasına təhkim etdilər və daimi oynamaq üçün Azərbaycan vətəndaşı olmasını məsləhət gördülər. Azər də bu oyuna getdi.

Maraqlıdır ki, “Neftçi”də daha bir oyunçu Rusiya futbol məktəbinin yetirməsidir. Məsələn, biz necə indi bu oyunçuları qabağımıza qoyub ağlayırıqsa, gürcülər də Solomon Kvirkveliyanı… Yox, qərb qonşularımızın bunu etməyə haqqı yoxdur. Əvvəla, Solomon legioner həyatı yaşayır, ikincisi də ki, karyerasının qızıl dövrlərini “Lokomotiv” və “Rubin” kimi klublarda keçirib.

Hazırda “Neftçi” və “Qarabağ” səviyyəsinə yüksəlmək üçün işlər görən və artıq cari mövsümdən bunun bəhrəsini görən “Sabah”da Rusiya klublarının yetirmələri mirvari kimi ipə düzülüb. Doğrudur, Aleksey İsayev kimi digər oyunçular əsas heyətin üzvləri sayılmır. Amma istənilən halda, Rustam Samiqullin, Abdullah Xaybullayev, Camal Cəfərov və İldar Ələkbərov Rusiya klublarının yetirməsi olan Azərbaycan vətəndaşlarıdır.

“Zirə”də də belələri var. Söhbət Mehdi Cənnətovla Rəhim Sadıxovdan gedir.  “Sumqayıt”da isə Elvin Bədəlov şimaldan ölkəmizə təşrif buyurub. Bununla kifayətlənməyən klub rəhbərliyi hələ Tula “Arsenal”ından Kamran Əliyevi düşərgəsinə cəlb edib. Yaxın günlərdə onun da Azərbaycanda “kitabının bağlanması” mərhələsinə start veriləcək.

Hə, bir də “Turan Tovuz”da da Ayxan Quseynovun adının üstündən keçə bilmərik. Amma bir məsələ var ki, onu hələ Rusiya vətəndaşlığından çıxarmayıblar.

Bu gedişlə, Ayaz Quliyevi də “qaçıracaqlar”. Bununla da futbolçularımızın Rusiyadakı sonuncu gül çöhrəsi solacaq.  Hələ ki, Ayazın başını milli ilə qatırlar. Amma Rusiya müharibə etməzdən əvvəl biz tərəfə boylanmayan “Ximki”nin futbolçusu indi bir qədər yumşalıb. Səbəbi də məlumdur…

Azərbaycanda çıxış edən Rusiya futbol məktəblərinin yetirmələri:

“Qarabağ”

Şahrudin Məhəmmədəliyev (İM – Stroqino)

Bədavi Hüseynov (Daqdizel)

Amin Ramazanov (Lokomotiv)

Ramil Şeydayev (Zenit)

“Neftçi”

Azər Əliyev (Yenisey)

Emin Mahmudov (Saturn)

“Sabah”

Rustam Samiqullin (Stroqino)

Aleksey İsayev (Yenisey)

Abdulax Xaybulayev (Anji)

Camal Cəfərov (Anji)

İldar Alekperov (Pskov-747)

Zirə

Mehdi Cənnətov (RSDYŞOR-2  Mahaçqala)

Rəhim Sadıxov (Spartak Moskva)

Sumqayıt

Elvin Bədəlov (Zenit)

Turan-Tovuz

Ayxan Quseynov (Zenit)

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp