Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzediciləri Birinci Divizionda çıxış etməyəcək. AFFA İcraiyyə Komitəsinin növbəti iclaslarında bununla bağlı qərar veriləcəyi gözlənilir.
Futbolinfo.az xəbər verir ki, bir müddətdir müzakirə olunan məsələ ilə bağlı yekun qərar verilmək üzrədir. Hər şey planlaşdırıldığı kimi getsə, əvəzedicilərin çempionatı bərpa olunacaq. 2018-ci ilin yayında yarış ləğv olunmuş, əvəzedici komandalar Diviziona buraxılmışdı. 5 illik eksperiment özümü doğrultmadığından AFFA geridönüş etmək qərarına gəlib.
İndi əsas problem Divizionda yarışların necə təşkil ediləcəyi ilə bağlıdır. Əvəzedicilərin gedişi ilə burada cəmi 6 komanda qalacaq ki, bu da kifayət deyil. Hazırda futbol qurumu sayı 10-a çatdırmaq haqda düşünür və problem Region Liqasında çıxış edən bəzi klubların sayəsində aradan qaldırılacaq. Lakin bunun üçün öncə Nizamnaməyə dəyişiklik etmək gərəkdir.
Bildiyiniz kimi, Diviziona yüksəlmək üçün komandaların Region Liqasında azı 3 il oynaması şərti var, əksəriyyət isə bu tələbə cavab vermir. Ona görə də AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclaslarında bu bənd ləğv edilməlidir ki, lazım olan sayı təmin etmək mümkün olsun. AFFA növbəti mövsüm də Divizion komandalarının hər birinə illik 300 min manat ayırmaqla yarışın normal səviyyədə keçirilməsinə çalışacaq.