“Qarabağ” qapıçı axtarışına davam edir. Ağdam klubu hazırda onlara təklif edilən bir neçə namizədin içindən ən yaxşısını seçməklə məşğuldur. Namizəd çox olsa da, “atlılar” ən yaxşının transferinə çalışır.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ” bu dəfə daha diqqətli olmağa, qapını uzun müddət etibar edəcəyi birini tapmağa çalışır. Yeni legioner Luka Quqeşaşvili kimi ehtiyatda oturmağa yox, əsas heyət üzvü olmağa gələcək. Çünki Şahruddin Məhəmmədəliyevlə bağlı durum yaxşı deyil.

Şahruddinin qolu artıq ikinci dəfədir sınır. Bu isə zədənin xroniki hal aldığını göstərir. Eyni yerdən ardıcıl iki sınıq zədəsi xoşagələn deyil, qolkiper gələcəkdə daha ehtiyatlı olmağa, zərbələr qarşısında özünü qorumağa məcbur olacaq. İddialı komandanın qapısını isə daha etibarlı və sağlam biri qorumalıdır.

Məhəmmədəliyevin klub üçün xidmətləri danılmazdır, lakin ağdamlılar riskə getməməlidir. Bu üzdən klub rəhbərliyi daimi qapıçı arayışındadır.

Yeni transferlə bağlı yaxın günlərdə qərar veriləcək. Baş məşqçi Qurban Qurbanov “Gent”lə oyunlaradək əcnəbi qolkiperin komandaya uyğunlaşması üçün onun tez bir zamanda sərəncamında olmasını istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp