“Sumqayıt” yenə transfer bazarının ən fəal klubudur. Yayda əksəri əcnəbi olmaqla, 12 oyunçunu heyətinə qatan klub iddialı olmaq hədəfini açıqlamışdı. Amma zaman göstərdi ki, sıradan legionerlərə pul xərcləmək, sadəcə, heyəti doldurmaq naminə atılan addım imiş.

Belə ki, klubun menecer-prezidenti Riad Rəfiyev daha çox şəxsi biznesini düşündüyündən, “obyekt” kimi baxdığı “Sumqayıt”da əcnəbilərdən gələn komisiyon haqqlarını, dövlətin ayırdığı yardımı və sponsorların pullarını qanuni şəkildə cibə ötürməklə məşğul oldu. Həqiqətən komandanın gücləndirilməsi əsas götürülsəydi, keyfiyyətli futbolçular seçilər, onların yarıdan çoxu 6 ay bitməmiş yola salınmazdı. “Kimyaçılar” indi autsayderlər sırasındadısa, Rəfiyev hesabat verməlidir.

Klub Rəfiyevin hansısa şirkətinin himayəsində olsaydı, “Sumqayıt”ın daxili siyasətinə qarışmaz, “öz puludur, necə istəyir, elə də xərcləsin” deyərdik. Amma Azərbaycan futbolunda durum elədir ki, klublar dövlətin büdcəsi ilə yaşayır, onun rəhbəri də futbola öz pulunu xərcləyən biznesmen deyil, əksinə, bu qədər uğursuzluğa rəğmən, aya 20 min manat maaş alan biridir.

thumb856 20230121114559646 - Futbolinfo.az

Kluba hansısa futbolu sevən şəhər sakini yox, AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun dostu tapşırıqla təyin olunub. Kəsəsi, sponsorun, dövlətin pulunu həzm-rabedən keçirib öz bizneslərini qurublar. Kimsə hesabat istəmir, xımır-xımır yeyirlər. Dövlətin qayğısından istifadə edib səmərəli işlər görmək əvəzinə, transfer oyunları ilə büdcəni boşaldır, öz vəziyyətlərini düzəldirlər.

Dövlətdən maliyyələşən klub nəticə verə bilmirsə, əvəzində ən azı milli komanda üçün futbolçu yetişdirməli, yerli gənclərin inkişafına çalışmalıdır. “Sumqayıt” isə illərdi milliləşənlərin məkanına çevrilib, 2-3 veterana 14-15 əcnəbi qoşub son sıralarda girlənirlər. Nə nəticə var, nə də ümumi ölkə futbolunun inkişafına töhfə.

Yayda Aleksey Baqanın adından istifadə edib yeni komanda qurmaq devizi ilə komandanı faydasız əcnəbilərlə dolduran Rəfiyev, hazırda B planına keçib. İndi də Samir Abasovun istəyi ilə komandanı əcnəbi oylağına çevirib və məşqçi gələn mövsümün komandasını qurduqlarını deyir. Bu yalançı hədəflə 6-7 ərzində komandaya götürülən legionerlərin sayı 15-i keçib – yayda gətirilənlərin əksəri qovulub, indi də yayda yola salınacaq yeni dəstə yığırlar.

Son olaraq düşərgəyə Karim Abubakar gətirilib. 27 yaşlı qanalı hücumçu ilə yarım illik müqavilə imzalanacağı və transferin tezliklə açıqlanacağı gözlənilir. Təsəvvür edin, məşqçi gələn mövsümün komandasını qurduqlarını deyir, oyunçu ilə isə yarım illik, yəni cari çempionatın sonunadək anlaşma imzalanır. Təzad deyil, yalanın ifşasıdır!

Bəlkə də qış transferlərinə görə Samir Abasovu qınamamaq olar. O, zatən yayda gələnləri qovmaqla Rəfiyevin yarıtmaz fəaliyyətini sübut edib, öz komandasını qurmaq istəyir. Lakin Abasov özü də Riad bəydən fərqlənmir. Riçard Qadze faktını xatırlamaq kifayətdir.

Oktyabrın sonunda transfer edilən qanalı qış toplanışına qatılmayıb. Və Abasov onun heyətdən kənarlaşdırılmasını istəyib. Tezliklə bu barədə rəsmi açıqlama veriləcək. Yeni mövsümün komandasını qurmaq istəyən Abasov öz seçdiyi futbolçunu 2 aydan (57 gündən) sonra qovursa, yeni gələnlərlə 6 aylıq müqavilə bağlanırsa, buna nə ad qoymaq olar?

Bəli, “Sumqayıt” yenə transfer bazarının ən fəal klubudur. Amma bu fəallıq uğura yox, Rəfiyevi, dost menecerləri varlandırmağa, dövlətin ayırdığı büdcəni dağıtmağa hesablanıb. Komanda kubok mübarizəsini başa vurub, çempionatda yüksək yerlərə qalxmaq mümkün deyil. Yeni mövsümün komandasını qurmaqla bağlı vədin bəhanə olmasını isə yuxarıda qeyd etdiyimiz faktla ifşa etdik.

Bazar olsun! Azərbaycan millisinin fars müdafiəçisi Höccət Haqverdini “Neftçi”yə italiyalı menecer vasitəsi ilə satıb komisyon haqqına şərik olan Riad bəyi bu istedadı ilə AFFA prezidenti qoymaq lazımdır.

FƏRİD

ricard qadze - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp