Hamının yeni transferlər gözlədiyi “Neftçi” olan-qalan oyunçularını da satmaqla məşğuldur. Heyəti yetərsiz olan bakılılar, legionerlərini bir-bir yola salır.

Ola bilsin ki, bu addım daha yaxşı futbolçuların alınmasına hesablanıb və heyətdə yer boşaldılır. Amma satılan Yusuf Lavalın yerinə gətirilən Kilan Lebonun daha yaxşı biri olmayacağı indidən bəllidir. Futbolçunun statistikası belə deməyə əsas verir.

İndi də Qodsvey Donyonun gedişi dəqiqləşmək üzrədir. Yunan mətbuatı 29 yaşlı hücumçunun Kipr “Apollon”u ilə anlaşdığını yazır. Danışıqlar yekunlaşıb, “Neftçi”yə kiçik bir məbləğ ödəniləcək və hücumçunun transferi rəsmən açıqlanacaq.

Bakılılar daha yaxşı hücumçu transfer etsə, futbolçu satışına görə alqışlamaq olar. Bir şərtlə ki, kiçik məbləğə satılanların yerinə böyük rəqəmlərlə ölçülən qiymətə gələn yenilər həqiqətən sələflərindən yaxşı olsun. Donyo faktiki ümidləri doğrultmadı. Halbuki o, cəmi 6 ay öncə transfer edilmişdi, yeni rurulan komandanın əsas simalarından biri olmalıydı.

Ümumiyyətlə, “Neftçi”nin transfer siyasətində bir xətt diqqət çəkir. Hər mövsüm “Sumqayıt”dan 100 min dollar civarında ən azı bir oyunçu alınır. Əvvəlki illərdə belələri çox olub, ötən mövsüm alınan Xəyal Nəcəfov icarəyə göndərilib, bu mövsüm isə Höccət Haqverdi gətirilib. Əvəzində bakılılar əsasən Yunanıstan və Kipr klublarına futbolçu göndərir. Baqali Dabo, Stiven Monroz, Mamadu Kane, Qodsvey Donyo və başqaları buna misaldır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp