Uzun illərdən sonra ilk dəfə “Real”ın hansısa oyunçusu “Barselona”ya keçə bilər. Transfer reallaşsa, madridlilər bu xəyanəti unutmayacaq. Əks tərəf də buna eyni münasibəti göstərərdi.

Birvaxtlar “Barsa”nı paytaxt klubuna dəyişən Luiş Fiquyla bağlı başverənlər yəqin ki, yadınızdadır. Fərq ondadır ki, “Real” oyunçusunu əzəli rəqibə satmayacaq, futbolçunun müqaviləsi bitdiyindən, o, azad agent kimi klubunu dəyişəcək.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi Marko Asensio transferi üçün oyunçunun agenti Jorge Mendes ilə əlaqə saxlayıb. Tərəflər tezliklə görüşəcək və keçidin detallarını danışacaqlar.

Amma bu xəbərin yalan olması variantı da var. Menecerlər mətbuata bu tipli xəbərlər sızdırmaqla bəzən futbolçularına diqqət çəkməyə çalışır. “Real” Asensio ilə yayda bitəcək müqaviləni yeniləməyə tələsmədiyindən, ola bilsin, Mendes madridliləri tələsdirməyə çalışıb.

2016-cı ildə “Espanyol”dan “Real”a gələn Marko burada bir sıra uğurlara imza atıb. Lakin baş məşqçi Karlo Ançelotti ötən mövsümdən etibarən 27 yaşlı cinah oyunçusunu daha çox ehtiyatda saxlayıb Federiko Valverdeyə şans verir. Müqavilənin yenilənməməsi də klubun Asensioya etimadının bitdiyini göstərir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp