Milan Şkrinyarı indidən PSJ oyunçusu hesab edə bilərik. Bir sıra ingilis klubunun maraqlandığı slovakiyalı ilk seçiminin üzərində dayanıb.

Futbolinfo.az xəbər verir ki, yaydan bəri mərkəz müdafiəçisinin yeni mövsümə Parisdə başlayacağı barədə söhbətlər dolaşır. Oyunçu Fransa çempionuna keçməyə razılıq verib, sadəcə, “İnter”lə müqaviləsinin bitməsini gözləyir.

İngiltərə Premyer Liqası təmsilçiləri onun milanlılarla yayda bitəcək müqaviləni yeniləməyəcəyini bilən kimi futbolçuyla təmasa keçib. Belə ki, azad agent olacaq belə bir müdafiəçini pul ödəmədən heyətinə qatmağı hər kəs arzulayar. Lakin Şkrinyar PSJ-yə verdiyi sözün üstündə durmağı lazım bilib. Bunda klubun onu böyük layihəsinə inandırmağı bacarması, üstəlik, çox yaxşı maaş təklifi də rol oynayıb.

Bugünlərdə Fransa klubunun nümayəndələri növbəti dəfə futbolçu ilə görüşüb. Tərəflər ilkin razılaşmanı imzalayıb. Yayda transfer rəsmən bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp