Müstəqillik dövrümüzün futbolunu ilin fəsillərinə bənzətməli olsaq, 1990-cı illəri yay dönəminə aid edə bilərik. Nazim Süleymanov, Vəli Qasımov, Vidadi Rzayev, Yunis Hüseynov, Qurban Qurbanov və başqaları nın olduğu siyahını bir qədər də uzatmaq olar.
Niyə yay? Çünki sovet məktəbinin yetirmələri olduğuna görə adıçəkilən futbolçular meyvə ağacı kimi bəhrə verib. Doğrudur, millimiz bu futbolçulardan ciddi fayda götürməyib. Amma onların bəziləri legioner həyatı yaşamaqla adlarından məhdud dairədə olsa da, söz etdirib.
2000-ci illərdə isə futbolumuza payız fəsli qədəm qoydu. Artıq keyfiyyətli futbolçuların azaldığını – yarpaq tökümünü hiss etməyə başladıq. Amma payız meyvələri sarıdan korluq yaşamadıq. Rəşad Sadıqov, Mahir Şükürov, Ruslan Abışov, Vaqif Cavadov, Kamran Ağayev, Rauf Əliyev və Əfran İsmayılov kimi bəhərləri gördük.
Etiraf edək ki, Berti Foqts və Robert Prosineçkinin dövründə bu futbolçular milliyə az-çox fayda verdilər. Amma yay meyvələrindən fərqli, payız məhsullarını “eksport” edə bilmədik. Kənara çıxanlar oldu, amma onlar Vəli Qasımov, Nazim Süleymanov və Qurban Qurbanov kimi gün işığı görmədilər. Bu da onların tez “qurumasına” şərait yaratdı. Dadları olsa da, bazar qiymətləri onların təravətini azaltdı. Ölkə futbolunun başına şabaş kimi səpələnən pullar futbolu əsl bazara çevirdi.
Azərbaycanda oynamaqla artıra bilməyəcəyini anlaya-anlaya bəzi futbolçular pula aldanaraq kənara çıxmadılar. Elə haqqında danışacağımız Rauf Əliyevlə Əfran İsmayılov kimi…
Ötən həftə karyeralarını başa vurduqlarını açıqlayan bu iki futbolçu məhz belə “bazar”ın güdazına getdi. Raufla Əfranın istedadından xeyli danışmaq olar. Görünən kəndə nə bələdçi? İndi deyirik ki, “Qarabağ” parlayan yerli oyunçuları tez ələ keçirir, bu klub oyunçu yetişdirmir, amma vaxt var idi, Əfran və Rauf kimi istedadlar məhz “Qarabağ”ın sayəsində ön plana çıxmışdı. Problem ondadır ki, indi “Qarabağ”da özünü göstərən futbolçular xarici klubların diqqətini cəlb etmək üçün dəridən-qabıqdan çıxırsa, bu iki futbolçunun dövründə daha varlı yerli klubların diqqətini cəlb etmək dəbdə idi.
Xüsusən də “Bakı” ilə “Xəzər Lənkəran” kimi varlı klublar belə istadadlı oyunçuları maqnit kimi çəkməklə onların karyerasını məhv etməklə yadda qalıdılar. I Qarabağ müharibəsinin acı nəticəsi ilə Qarabağdan Bakıya köç necə başladısa, futbolumuzda da “Qarabağ”dan “Bakı” köçürülmələr qeydə alındı. 2006-cı ildə “Qarabağ”da debüt edən İsmayılovla Əliyev 2013-cü ildə “Bakı”ya üz tutdular. Səbəb isə pul idi, istedadlarını paraya qurban etdilər.
Doğrudur, Əfran 2 il “zolaqlılar”ın heyətində oynadıqdan sonra karyerasının əvvəlki zolağına qayıtmaq qərarına gəldi. İsmayılov 2019-cu ilə qədər doğma klubunda əvvəlki əzəmətini qaytarmağa çalışdı, amma “qara zolaq”dan qurtula bilmədi. Ən azından “ağ zolağa düşə bilmədi”. 2019-cu ildə “Keşlə”yə, bir il sonra isə “Səbail”ə üz tutdu. Bu klublarda da biz əvvəlki Əfranı görə bilmədik. Nəhayət, yeni mövsümün əvvəlində “Kəpəz”ə keçmək qərarına gəldi. Burada da tale Əfranın üzünə gülmədi. Yaşar Vahabzadənin dövründə İsmayılov palaza bürünüb el ilə süründüsə, Tərlan Əhmədovun gəlişindən sonra ümumiyyətlə, “palazdan çıxarıldı”. Əvəzedici komandada sürünməkdənsə, millimizin sabiq futbolçusu 34 yaşında karyerasını bitirmək qərarına gəldi.
Rauf isə “zolaqlılar”ın heyətində 1 il oynadıqdan sonra “Qarabağ”a qayıtmaq yox, magistral yollardakı “zolaqlar”ı dəyişməyə başladı. “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Qəbələ”, daha sonra yenidən “Neftçi”, “Səbail” və nəhayət, “Kəpəz”. “Bakı”da Əfranla ayrıldıqdan sonra “Səbail”də yenidən birləşdilər, Səbail qəsri kimi batdılar, oradan da “Kəpəz”in yamacına yuvarlandılar. Axırda da eyni gündə karyeralarını başa vurdular.
Amma Əfran Raufdan fərqli sonradan “Qarabağ”a qayıtmaqla öz günahını yumağa çalışsa da, Əliyev bu haqda fikirləşmədi. Harada yaxşı pul verdilərsə, ora yollandı. Amma İsmayılovla müqayisədə Əliyev legioner həyatı yaşamaq qərarına gəldi. Doğrudu, üz tutduğu ölkə çempionatının səviyyəsi Azərbaycan Preymer Liqasından ciddi heç nə ilə fərqlənmirdi. 2017-ci ildə Albaniyaya yola düşərək “Kukesi” ilə müqavilə imzalayan Rauf orada da özünü göstərə bilmədi. Albaniyada keçirdiyi 13 oyuna 3 qol vuran millimizin hücumçusu vətənə dönməyə tələsdi. Gerisini danışmağa dəyməz, çünki təkrarçılığıa yol vermiş olacağıq.
Bəs, nə üçün belə istadadlı futbolçular karyerasının parlaq dövrlərində daha perspektivli futbol ölkələrini yox, pulu seçdi? Bu haqda çox danışarıq, amma onların ürəyindən keçəni deyə bilmərik. Əliyev 3 il əvvəl ölkə mətbuatına açıqlamasında bu nəslin nümayəndələrinin Avropaya üz tutmamasını belə izah etmişdi: “Bizdən əvvəl xaricdə yaxşı karyerası olan futbolçularımız olub. Sonradan müəyyən axsamalar oldu. Elə dövrə gəldik ki, bizim 22-23 yaşımız olanda hamımız təkliflər alırdıq. Ovaxtlar Azərbaycanda böyük məbləğdə pullar vardı. Heç kim risk etmək istəmirdi. Hamı qalıb, burda pulunu qazanmaq istəyirdi. Amma indiki dövrdə getmək bəlkə daha asandı. Ancaq yenə də futbolçuların öz seçimidi. Eləsi var risk etmək istəmir, eləsi də var yaxşı meneceri olmur. Yəni ki, bu problemlər yolu bağlayır. Ancaq Gürcüstan və digər ölkələrdə futbolçunun konkret fikri kənara çıxmaq olur. Baxırsan ki, ortabab oyunçudu, amma Avropanın normal klublarına gedib çıxa bilir. Bunda menecerlərin də rolu böyük olur”.
Təbii ki, hamımızın bildiyi standart sözlər və mənasız bəhanələrdir. Menecer bəhanəsi isə lap gülməlidir. Sanki menecerlərlərlə futbolçuların yolunu hansısa qüvvə bağlayır və bizimkilər də onları tapmaqda çətinlik çəkir. Yaxşı pulun varsa, özünə normal menecer tapa bilərsən. O da səni lazım olan ünvana çatdıracaq. Təbii ki, perspektivi fikirləşirsənsə. Amma nə Raufun, nə də Əfranın belə bir niyyəti olmadı.
Azərbaycan klubları özlərinə gün ağlaya bilmir, futbolçusunu necə inkişaf etdirəcək? Gürcü və ermənilərin legioner həyatı yaşaması üçün çalışdıqları dövrdə bizimkilər “azacıq aşım, ağrımaz başım” prinsipi ilə hərəkət etdilər. İnsaf naminə, aşları da az deyildi…
Hə, indi də futbolumuzun qış fəslini yaşayırıq. Müstəqilliyimizin ilk illərində, yəni yay deyə adlandırdığımız dövrlərdə 16-18 komandalı çempionatımız var idi. Daha sonra 12 komandalı payız fəsli gəldi. İndi 8-10 komandalı qış fəslinə qədəm qoymuşuq. Ovaxtlar millimizin bütün üzvləri yerli futbol məktəbininin yetirməsi idi. İndiki qış fəslində isə yığmanın start “11-liyinin” əksəriyyəti qıraqdan gəlib. Çünki torpaq qarın altındadır. Əfran və Rauf kimi oyunçular da çıxara bilmirik. Gəl, gəl, a yaz günləri, amma bu dəfə İsmayılov və Əliyev kimiləri özünlə gətirəndə onları xaricə apar…
CAVAD