Fransanın “Strasburq” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Brügge” klubunun sol cinah müdafiəçisi Eduard Sobolla İngiltərə “Aston Villa”sından yarımmüdafiəçi Morqan Sansonu transfer edib.
“Brügge” vaxtilə Donetsk “Şaxtyor”undan 3.5 milyon avroya transfer etdiyi Sobolu fransızlara 2.5 milyon avroya satıb. 27 yaşlı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.
Sobol Zaporojye “Metallurq”unun yetirməsidir. Ukraynalı futbolçu 2013-cü ildə Donetsk “Şaxtyor”una transfer olsa da, burada çox forma şansı qazanmayıb. Bu üzdən də o, “Metallurq” (Donetsk), “Metallist” (Xarkov), “Zarya” (Luqansk), “Slaviya” (Praqa), “Yablonets” kimi klublara icarəyə verilib. Sobol 2019-cu ildən formasını geyindiyi “Brügge”də 124 oyuna çıxıb. Müdafiəçi Ukrayna yığmasında da 27 matça çıxıb.
Morqan Sanson isə bu mövsümün sonuna kimi icarəyə götürülüb. Fransadan olan 28 yaşlı futbolçu 2021-ci ildən oynadığı “Aston Villa”da 23 oyuna 1 qol vurub. Daha çox Marsel “Olimpik”indəki çıxışı ilə məşhurlaşan Sanson, Fransada “Le Man” və “Monpelye”nin də uğurları üçün çalışıb.