Türkiyənin “Ankaragücü” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçusu Eren Derdiyok və yarımmüdafiəçi Pepe Rodriqeslə vidalaşıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Derdiyok 2021-ci ilin yayından formasını geyindiyi bu komandada 32 oyuna 10 qol vurub. İsveçrədən olan Türkiyə əsilli futbolçu daha öncə Super Liqada “Kasımpaşa”, “Qalatasaray” və “Göztəpə”nin də uğurları üçün çalışıb. 34 yaşlı hücumçu “Old Boys”, “Bazel”, “Bayer”, “Hoffenhaym” və “Paxtakor” kimi klublarda da forma geyinib. O, İsveçrə yığmasında 60 oyuna 11 qol vurub.
Pepe isə Yunanıstanın “Olimpiakos” klubundan 2022-ci ilin avqustunda icarə əsasında Super Liqa təmsilçisinə keçmişdi. Portuqaliyadan olan yarımmüdafiəçi Ankara klubunda cəmi 8 oyuna çıxıb. Hazırda klubsuz olan Eren Derdiyokdan fərqli olaraq, Pepenin yeni iş yeri də məlumdur. O, icarə əsasında İspaniyanın “Kartaxena” klubuna keçib.