Misli Premyer Liqasında 3-cü dövrə xal bölgüsü ilə başladı. İki bölgə təmsilçisiinin qarşılaşması məhsuldar keçsə də, tərəflər hərəsi bir hissədə daha yaxşı oynadı.

Hər iki komandanı heyətində ciddi itkilər olsa da, üç aparıcı legionerinin xidmətindən məhrum olan “Kəpəz”in durumu daha pis idi. Bununla belə, doğma azarkeşlər önündə oynamağın üstünlüyü özünü göstərdi. Gəncəlilər sürətli başladığı matçda ardıcıl penaltilər qazanmaqla qələbəyə xeyli yaxınlaşdı. Qəbələlilərin adi epizodlarda yol verdiyi səhvlər onların işinə yaradı.

Lakin fasilədən sonra vəziyyət dəyişdi. Belə ki, “Qəbələ” öyrəşdyimiz futbolu sərgiləməyə başladı, təzyiqi artırdı və meydan sahiblərinin təcrübəsiz müdafiəçilərinin qüsurları üzə çıxdı. Cəza üzündən oyunu buraxan futbolçuların dəyəri məhz bu matçda bilindi. Qonaqlar ardıcıl qollar vurub hesabı bərabərləşdirsə də, daha artığına gücləri çatmadı.

Bərabərlik heç kimi razı salmasa da, məğlubiyyətdən daha yaxşı nəticədir. Bu oyun “Kəpəz”in daha yuxarılara irəliləmək şansının üstündən xətt çəkdisə, “Qəbələ”ni avrokuboka vəsiqə üçün kuboka köklənməyin daha doğru olacağına bir az da inandırdı.

Hazırlıq dönəmindən sonrakı ilk rəsmi oyunlar bəzən aldadıcı olur. Ona görə də bu matça görə komandalara qiymət vermək olmur. Hər iki bölgə təmsilçisinin əsl gücünü tam heyətlə oynadıqları vaxt biləcəyik. O dəqiqdir ki, gəncəlilər yeni futbolçular sayəsində daha da güclənib, heyəti dəyişməz qalan “Qəbələ”nin isə azı iki transferə ehtiyacı var.

CAVAD

Shares: