Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bir aylıq fasilədən sonra ilk rəsmi oyunun ağır olacağını bilirdik. “Kəpəz” yaxşı təşkilatlanmış komandadır, heyətində maraqlı futbolçular var. Birinci hissədə oyunumuz alınmadı. Qapımıza təyin olunan ilk penalti ilə matçın ritmini itirdik. Amma komandamız xarakter göstərdi və ikinci hissədə istədiyim “Qəbələ”ni görə bildim. Görüşün ritmini əvəzetmələrlə dəyişmədik. Futbolçular düzgün reaksiya verib ikinci hissədə daha aqressiv oynadılar. Bu komandada ehtiyat və əsas üzvlər yoxdur, hamı eynidir. Hər kəs üzərinə düşəndən artığını verməyə çalışır. Birinci hissədə çətin olmasının səbəbi kimi meydanı da vurğulamalıyam. Örtük kənardan yaxşı görünsə də, çox ağırdır. Dünənki məşqdə Asif Məmmədovla Andrey Strijakı itirdik. Hər iki komandanın futbolçularına yaxşı dinamik futbol sərgilədikləri üçün alqış düşür. Ötən mövsüm də bizi iddialı hesab etmirdilər. Amma futbolçularım iddialıdırlar və sonadək bundan əl çəkməyəcəklər. Bu heyəti qorumaq daha da ağırdır. Futbolçularımızın çoxuna yaxşı təkliflər var. Çalışırıq ki, onlar bizimlə davam etsin. İndiki oyunçular heç yerə getməyəcək”.