“Qarabağ” mövsümün ikinci yarısına da qələbə ilə başladı. Çətin alındı, amma ağdamlılar bəlkə də ən çətin səfər matçında vacib 3 xal əldə etdi.

Kadi Borgesin gedişindən, iki əsas futbolçusunun zədələnməsindən sonra hələ yeni transferlərinə uyğunlaşmayan çempionun necə təsir bağışlayacağı maraq doğururdu. Evdə xüsusilə cəsarətli oynayan “Turan Tovuz”la görüşdə “Qarabağ”ın çətin imtahanı var idi.

Oyunu xüsusi edən məqam bütün qolların başla vurulması oldu ki, 5 qolun qeydə alındığı görüşlərdə belə hallara tez-tez rast gəlinmir. Heyətini gücləndirən meydan sahiblərinin həm də oyun planında inkişafının nəticəsidir ki, sonadək oyundan qopmadılar, başabaş mübarizə apara bildiklərini göstərdilər.

“Qarabağ”ın ilk iki qolunu çempionatın bombardirləri vurdu. Amma onların qollarının arasında Runi Eva da qolçuluq keyfiyyətini növbəti dəfə göstərdi. “Turan Tovuz”un legionerinin ustalığı öz yerində, amma həmin epizodda rəqib qapıçının səhvi də qeyd olunmalıdır. Luka Quqeşaşvili çıxışdakı kobud səhvi ilə Şahruddin Məhəmmədəliyevi əvəz etməyə hazır olmadığını növbəti dəfə isbatladı. Avrokubok matları bir yana, çempionatda qələbələri davam etdirmək üçün də ağdamlılara daha səviyyəli qolkiper lazımdır.

Matçın son dəqiqələri daha gərgin alındı. Tovuzlular hesabı bərabərləşdirəndə yerli azarkeşlər artıq heç-heçəni bayram etməə hazırlaşırdı. Lakin rəqib cərimə meydançasında peyda olan Bəhlul Mustafazadə sensasiyaya imkan vermədi. Layiqli mübarizə, gərgin, baxımlı oyun “Qarabağ”ın daha çox layiq olduğu qələbə ilə bitdi.

Çempion öz titulunu qorumaq üçün önəmli addım atdı. Hazırlıq dönəmindən sonra əldə edilən 3 xal “Qarabağ”ın əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Heyətdəki ciddi itkilərdən sonra komanda daxilində psixoloji gərginlik var idi. Artıq çətin baryerin aşıldığını deyə bilərik. Tovuzlular isə hələ “Qarabağ”ı yenəcək səviyyədə olmasalar da, üst pillələrdə qalmağa gücü yetəcək komandanı formalaşdırıblar.

ABBAS

Shares: