Şahin Diniyevin Premyer Liqaya qayıdışı uğursuz alındı. “Səbail”in baş məşqçi postunda ilk oyunda məğlubiyyət onun planlarına daxil deyildi. Təcrübəli mütəxəssis elitada qalmaq üçün mübarizədə əsas rəqiblərdən biri ilə görüşdə ən azı uduzmamağı arzulayırdı.

Əslində, hər şey qonaqlar üçün yaxşı başlamışdı. Hesabı erkən açan Bayıl təmsilçisi oyuna nəzarət edirdi. Lakin bu tempi qorumaq mümkün olmadı. “Şamaxı” oyununu aramla yaxşılaşdıraraq son yarım saatda bütün potensialını ortaya qoydu. Cavab qolu da “Səbail”in fərqləndiyi epizodda olduğu kimi, cərimə meydançası önündəki qarışıqlıqdan sonra vuruldu. Meydan sahiblərinin qələbə qolu isə rəqib müdafiəçinin texniki qüsurundan sonra səbəb olduğu penaltidən reallaşdı. Maraqlıdı ki, cərimə zərbəsini yerinə yetirən Amil Yunanov topa ilk toxunuşundaca fərqləndi.

“Şamaxı” bu qələbə sayəsində bəlkə də Diviziona yuvarlanma təhlükəsindən böyük ölçüdə qurtuldu. Düzdür, son pilləylə fərq o qədər də böyük deyil, lakin bu nəticə psixoloji planda böyük önəm kəsb edirdi. Çətin matçlar öncəsi əsas rəqiblərdən birini yenmək önəmli məqamdır. Komandanın ikinci dövrədə sərgilədiyi əla oyunla müqayisədə bugünkü çıxışı fərqlənsə də, əsas olan nəticədir və “Şamaxı” istədiyini əldə etdi.

“Səbail”də reallaşan dəyişikliklərin nəticəsini görmək üçün zamana ehtiyac var, bir matçla qiymət vermək olmur. Şamaxıdakı oyunu əsas götürsək, komandada ciddi irəliləyiş görmədiyimizi söyləməliyik. Diniyev öz oyun dəst-xəttini “dənizçilər”ə aşılaya bilməyib. Komanda növbəti turda “Kəpəz”i yenə bilməsə, son pilləyə öyrəşməyə başlayacaq.

Turla bağlı ən önəmli məqam başa çatan 4 matçda artıq 16 qolun vurulmasıdır. Orta hesabla hər matça 4 qol qeydə alınıb ki, bu da mövsümün ikinci yarısının məhsuldar alındığını deməyə əsas verir. Qarşılaşmalardan üçündə hesabı açan komandanın qalib gəlməməsi isə düşündürücüdür. “Kəpəz” ilk hissədə əldə etdiyi 2:0 hesablı qələbəni heç-heçəyə çevridisə, “Sumqayıt” və “Səbail” birinci hissəni qalib, oyunu məğlub başa vurdu. Qarşılaşmalar “stavka” həvəskarlarının diqqətini çəksə də, zənnimizcə, əsas amil komandaların ağır toplanış dövründən sonra fiziki hazırlığının yerində olmamasına bağlıdır.

ABBAS

Shares: