“Brayton” “Arsenal”ın növbəti təklifini də rədd edib. Bu klub Moyzes Kaysedonu satmaq üçün londonluların 70 milyon funt-sterlinqlik şətini qəbul etməyib.

Futbolinfo.az xəbər verir ki, “topçular” ekvadorlunun heç bir halda satılmayacağını bildikdən sonra diqqətini Jorjinyoya yönəldib. Yeni transferlərdən sonra “Çelsi”nin heyətinə düşməsi çətinləşən İtaliya millisinin braziliyalı oyunçusu da ayrılmaq niyyətindədir. “Zadəganlar” üzərində ciddi şəkildə çalışdıqları Entso Fernandes transferini bu gün yekunlaşdırmağı bacarsa, “Arsenal” da arzusuna çatacaq.

Müqaviləsi yayda bitəcək Jorjinyoya yeni anlaşma təklif edilməyib. Klub da 6 aydan sonra azad agentə çevriləcək 31 yaşlı dayaq yarımmüdafiəçinin indi getməsində maraqlıdır. “Arsenal” böyük məbləğ ödəmədən futbolçuya sahib çıxa bilər.

“Çelsi”nin vidalaşacağı digər oyunçu Hakim Ziyeşdir. Artıq bu gün mərakeşli futbolçu PSJ ilə müqavilə bağlaya bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp