“Qarabağ” qapıçı transferində tələsmək istəmir. Hazırda bir neçə variant üzərində axtarışlarını davam etdirən ağdamlılar istədiyini tapana kimi real addım atmayacaq.

Vəziyyət elədir ki, klub transfer pəncərəsinin bağlanmasından sonra da hansısa qolkiperi heyətinə qata bilər. Söhbət yalnız azad ahentlərdən getmir. Belə ki, qapıçı mövqeyi üçün istisnalar var, komanda həqiqətən yeni qapıçıya ehtiyac duyduğunu sübut etməklə yeni transfer reallaşdıra bilər.

“Qarabağ”da da hazırda belə vəziyyətdir. Şahruddun Məhəmmədəliyevin zədələnməsindən sonra heyətdə cəmi iki qapıçı qalıb – Luka Quqeşaşvili və Amin Ramazanov. Amma burada əsas məqam odur ki, “Qarabağ” yeni qapıçı alsa, Şahruddin mövsümün sonuna kimi meydana çıxa bilməyəcək. Məhəmmədəliyevin qolunun sındığını nəzərə alsaq, onun qayıdışı, formaya düşməsi kifayət qədər vaxt alacaq. “Şah”a görə bir yeri boş saxlamaqdansa, yeni transfer etmək daha məqsədəuyğundur.

“Qarabağ”ın etdiyi transferlərdən də görünür ki, klub daha çox yeni mövsümü düşünür. Daha səviyyəli futboluların gətirilməsi, uzunmüddətli müqavilələr “atlılar”ın yeni avrokubok mövsümündə Çempionlar Liqasının qrupuna düşmək üçün çalışdığını göstərir. Bu üzdən heyət indidən qurulur ki, yeni futbolçular komandaya uyğunlaşa bilsin.

İndi komandanı tam komplektləşdirmək üçün yüksək səviyyəli bir qapıçıya ehtiyac var. Əcnəbi qolkiperlər baxımından bəxti gətirməyən ağdamlılar bu dəfə səbrlə davranıb uzun illər güvənəcəyi birini gətirmək istəyir. Ona görə də transfer pəncərəsinin bağlanması “Qarabağ”ı tələsdirməyəcək.

Shares: