“Qarabağ” rəhbərliyinin mövsümün sonuna kimi diqqəti həm də “Ferentsvaroş”un oyunlarında olacaq. Onlar yəqin ki, Kvabena Ovusunun zədələnməməsi və oyunlarda daim meydana çıxmasını arzulayacaqlar.

Buna səbəb Macarıstanın “Ferenstvaroş” klubuna satılan Ovusunun müqaviləsindəki bənddir. Belə ki, qanalı forvard nə qədər çox oynasa, ağdamlıların nəzərdə tutulan bonusları əldə etmək şansı da bir o qədər çox olacaq.

Kvabenanın hansı qiymətə satılması ilə bağlı mətbuatda müxtəlif rəqəmlər yazılır. “Futbolinfo” da bir neçə gün öncə hücumçu üçün macarların 200-300 min avro aralığında bir məbləğ ödədiyini yazmışdı. Məşhur “Transfermarkt” isə konkret rəqəm (300 min avro) qeyd edib. Yəqin ki, klublar açıqlamadıqca yalnız versiyalar üzərində gəzişəcək, əsl həqiqəti bilməyəcəyik.

Bununla belə, bu gün kluba yaxın mənbələrdən macarların Ovusu üçün “Qarabağ”a 400 min avro ödədiyini öyrəndik. Bundan başqa, “Qarabağ” daha 100 min avro əldə edə bilər. Əgər Ovusu “Ferentsvaroş”un heyətində mövsümün geridə qalan matçlarının yarısında oynasa, ağdamlılar bonus kimi nəzərdə tutulan məbləği də büdcəsinə qatıb ümumi qazancı yarım milyona çıxaracaq.

Beləcə yaydan bəri “Qarabağ” 3 legionerinin satışından 7 milyon avrodan çox xeyir götürmüş olacaq. İbrahima Vadjini “Sent Etyenn”ə 1,6, Kadi Borgesi “Krasnodar”a 5 milyon avroya satan ağdamlılar, Kvabenadan da yarım milyonlaq xeyir görəcək. Sadəcə, Kadinin satışından gələn gəlirin bir hissəsi (5 faiz) onu yetişdirən “Koritiba”ya (Braziliya) çatacaq.

Xatırladaq ki, “Qarabağ” Ovusunu 2020-ci ildə “Leqanes”dən 300 min avroya almışdı. Oyunçunun müqaviləsi yayda başa çatırdı və o, 6 aydan sonra ağdamlılara heç nə qazandırmadan, azad agent kimi gedəcəkdi. Bu üzdən vidanın yanvarda reallaşması daha yaxşı oldu. Bunda “Ferntsvaroş”un baş məşqçisi Stanislav Çerçesovun israrla futbolçunu sərəncamında görmək istəməsi də rol oynadı.

Shares: