Misli Premyer Liqasında meydan sahiblərinin qələbə seriyası davam edir. 19-cu turun dünənki matçının ardınca bu gün də qonaqlar xala həsrət qaldı.

Əslində, “Şamaxı”nın bu aqibətlə üzləşəcəyi gözlənilirdi. Bölgə təmsilçisinin “Qarabağ”la oyunda demək olar, şansı yox idi. Ağdamlılar rəqibin müqavimətini 22-ci dəqiqədə qırdı, ardınca öz oyununu sərgiləyərək fərqi artırdı. Qonaqlar vurduqları təsəlli qolunu uur hesab edə bilərlər.

Qurban Qurbanovun yetirmələri yavaş-yavaş sürət yığır. Güman ki, “Gent”lə matçlaradək komanda daha yaxşı formada olacaq. Lakin yeni transferlərə uyğunlaşmaq üçün daha çox zaman lazım olacaq. Dünən meydana çıxan Redon Cica daha fəal olsa da, Adama Diakabinin uzun müddət meydanlardan kənar qalması dərhal hiss olunurdu.

Günün ikinci matçında da meydan sahibləri qələbə qazandı. Amma doğrusu, “Kəpəz” xal(lar)a daha çox layiq idi. Mahmud Qurbanovun vaxtında yığılan heyət düzgün komplektləşdirilmədiyindən indi Şahin Diniyev də bunun əziyyətini çəkir. Mayç boyunca oyuna gəncəlilər diqtə etdi, saysız qol epizodu yaratdılar, “dənizçilər” isə demək olar, yeganə şansdan maksimum yararlandı.

Əslində, pis oynadığı matçlarda qələbə qazanmaq özü də müsbət bir keyfiyyətdir. Xüsusən bunu əsas rəqiblərindən biri ilə matçda reallaşdırmaq vacibdir. 10 oyundan sonra qələbə əldə edən “Səbail” bunu Diniyevin ikinci matçında, mövsümün əvvəlində məşqçinin dəvət alıb son anda imtina etdiyi qərblilərlə görüşdə bacardı.

“Səbail”in oyununda ciddi problemlər var. Komanda hücum qurmaqda, ümumiyyətlə, müdafiədən çıxmaqda əziyyət çəkir. Bunu edən, ilk ötürməni ustalıqla verə bilən mərkəz müdafiəçisinin yoxluğunun nəticəsidir ki, arxa xətt daim təzyiq altında qalırdı. Üstəlik, yarımmüdafiədə də keyfiyyətli ifaçılar yoxdur. Şahin bəy təcili şəkildə yeni oyunçular tapmalıdır, hazırkı heyət böhrandan çıxmağa kifayət etməyə bilər.

Təsadüfi Deyil, Emil Martinovun meydana çıxmasından sonra yarımmüdafiədə işlər qismən qaydasına düşdü, müdafiə nəfəs almağa başladı. Elə qol da bundan sonra – komanda ilk dəfə öndə çoxalmağı bacardığı zaman vuruldu. Hələ Martinov da o səviyyəli oyunçu deyil, amma meydana çıxması ilə vəziyyət dəyişdi. Diniyev ya Emildən daha yaxşı şəkildə istifadə etməli, ya da başqa oyunçu taparaq problemi yoluna qoymalıdır. Yoxsa “Kəpəz” üzərində qələbə həm də sonuncu ola bilər.

İstənilən halda, “Səbail” son pilləni “Kəpəz”ə təhvil verərək özünə gəldi. Qarşıdakı matçlar Premyer Liqada qalmaq uğrunda gərgin mübarizəyə səhnə olacaq. 5 komandadan hansının təzyiqə tab gətirmədiyini sonda biləcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp