Dünən Misli Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan “Səbail” – “Kəpəz” oyunu qalmaqalla yadda qaldı. Matçın fasiləsində baş verən xoşagəlməz olay hamının qanını qaraltdı.

Oyunun nəticəsi (1:0) gəncəlilərin kefinə bir tərəfdən soğan doğradısa, qonaq azarkeşin bıçaqlanması ikiqat ağır oldu. Baxmayaraq ki, olay baş verəndə hesab hələ açılmamışdı.

İlk xəbər ondan ibarət idi ki, bakılı fanatlardan biri gəncəli azarkeşi bıçaqlayıb. Təcili xəstəxanaya çatdırılan həmin şəxsin həyatı xilas edilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb, istintaq başlayıb.

Az sonra “Kəpəz” rəsmi məlumat yaydı. Bəlli oldu ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur.

“Futbolinfo”nun əməkdaşı vəziyyəti yerində öyrənmək üçün xəstəxanaya tələsdi. Eyni zamanda “Səbail” rəsmiləri ilə əlaqə saxladıq və bizə insidentin stadiondan kənarda baş verdiyini, hadisəni törətməkdə şübhəli bilinən şəxsin rəsmi fan-klubunun üzvü olmadığını bildirdilər.

Biz xəstəxanaya çatanda artıq xoş xəbər gəlmişdi. Rahib əməliyyat olunmuş, təhlükə arxada qalmışdı. Halbuki ilkin informasiya qorxuducu idi. Belə ki, hadisə zamanı istifadə olunan bıçağın qasıq nahiyəsindəki damarı kəsdiyi deyilir, hətta azarkeşin ayağının amputasiya olunması riski barədə danışılırdı. Nə yaxşı ki, həkimlərin peşəkarlığı sayəsində ən bəd ehtimaldan qaçmaq mümkün oldu. Xəstə bu gün palataya köçürüləcək.

Zərərçəkənin qohumları bir-bir xəstəxanaya toplaşırdı, Rahibin valideynləri də Gəncədən yola çıxmışdı. Əməkdaşımız 1 saylı Kliniki Tibbi Mərkəzə çatanda “Kəpəz”in məşqçiləri xəstəxananın həyətini tərk edirdi, bir qrup azarkeş isə toplu halda içəridən gələn xəbərləri gözləyrdi. Klub rəhbərliyi də əməliyyat bitənə kimi gözləməyi lazım bildi. Ümumiyyətlə, onların azarkeşə diqqət göstərməsi, tərəfdarına sahib çıxması xoş məqam idi.

Hadisəni araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Yanlış informasiya verib istintaqın gedişinə mane olmaq istəmərik. Zatən olaya ən doğru şəkildə qiymət veriləcəyinə əminik. Lakin biz də azarkeşlərlə, klub nümayəndələri ilə söhbət etməyi lazım bildik.

Məlum oldu ki, olayın başvermə səbəbləri hələ ilk dövrədəki oyuna qədər uzanır. Xatırlayırsızsa, Bayıldakı ilk oyunda matçdan sonra qalmaqal düşmüş, azarkeşlər dalaşmışdı. Görünür, həmin vaxtdan inciklik yaranıb, kimlərsə başverənləri unutmayıb.

Azarkeşlərin dediyinə görə, sözlü atışmalar oyunun startından başlayıb, Bakı klubunun bəzi azarkeşləri qonaqları stadionun kənarında söhbətə çağırıb. Lakin sonra ara sakitləşib və fasilədə bəzi gəncəli azarkeşlər dükana gedərkən bu hadisə baş verib. Hər iki tərəfdən bir neçə nəfər dalaşıb, daha sonra “Səbail” fanatlarının sayı çoxalıb və bıçaqlanma olayı reallaşıb. Qonaq azarkeşə hücum çəkənlərin stadion ətrafında yaşayanlar olduğu, olayların hansısa xoşagəlməz ifadələrdən sonra belə hal aldığı deyilir. Amma təbii ki, bu, yalnız azarkeşlərin versiyasıdır, əsl həqiqəti hüquq-mühafizə orqanları əməkdaşları üzə çıxaracaq.

Sonda onu da qeyd edək ki, xəstəxananın həyətinə “Sabah” və “Neftçi” klubunun bir neçə fanatı da gəlmişdi. Tribunada rəqib olan fanatların belə hadisələrdə birlik nümayiş etdirməsi xoşagələn fakt idi. “Səbail”in fanatlarının gəlməsi zatən lazım deyildi, olaylar böyüyə bilərdi, amma heç olmasa, paytaxt klubunun rəhbərliyinin xəstəyə baş çəkəcəyinə ümid edirik. Bu, qalmaqalı unutdurmaq, dostluq yaratmaq üçün xoş addım olardı. Növbəti matçlarda eyni hadisələrin baş verməməsi, qisas meyllərinin unutdurulması üçün xoşməramlı hərəkətlər vacibdir.

FƏRİD

326858178 520504243518989 5352990071904316294 n - Futbolinfo.az
Shares: