“Kəpəz” başladığı yerə döndü. Tərlan Əhmədov son pillədə qəbul etdiyi komandanı bir ara nisbətən yuxarılara qaldırsa da, indi yenə hamıya aşağıdan yuxarı baxır.

Lakin Əhmədovun xalsız qəbul etdiyi Gəncə təmsilçisi hazırda “Səbail”ə şərikdir və əvvəlkindən daha yaxşı durumdadır. Ən azı bu rəqiblə xal fərqini aradan qaldırıb. Bu məşqçinin vaxtında komanda digər autsayderlərdən daha çox xal toplayıb. “0”la başladığı üçün…

Di gəl ki, bütün bunlar faktı unutmağa imkan vermir. “Kəpəz” sonuncu pillədədir və azarkeşlər Yaşar Vahabzadənin vaxtında əzbərlədiyi şüarı yenidən xatırlamağı lazım bilirlər. “Səbail”lə matçın sonunda Tərlan bəyin istefaya səslənməsi son pillənin fanatlar üçün qırmızı xətt olmasını aydınlaşdırdı. Komandanın Vahabzadənin vaxtındakından daha yaxşı olması, dünən “Səbail”dən daha yaxşı oynaması heç nəyi dəyişmir – komanda son pillədədirsə, məşqçi istefa şüarlarından diksinməli olacaq.

Azarkeşlərə də haqq vermək istəyirsən. Komanda son qələbəsin 8 tur öncə dünən uduzduğu “Səbail” üzərində qazanıb. Bu matçlarda cəmi 3 məğlubiyyətin qeydə alınması, qalan 5 matçda heç-heçə oynanılması fanatlara maraqlı deyil. Yer ən son pillədirsə, qalanı təfərrüatdır. Gəncəlilər tarixən komandalarını daim yüksək yerlər uğrunda mübarizə aparan gördüyündən, indiki durumla barışa bilmir. Amma onların hədəf aldığı məşqçi sadəcə, görünən günahkardır. Yaşarlar, Tərlanlar dəyişir, vəziyyət dəyişmirsə, problemi başqa yerdə axtarmaq lazımdır.

Komandanın nəticələrinin yaxşılaşması üçün məşqçi və ya futbolçunun kimliyi önəm daşımır. “Kəpəz” klub olaraq böyüməli, Gəncənin futbol ictimaiyyəti birləşməlidir. Bu komanda ətrafında o qədər söz-söhbət var ki, eşidən qulaqlarını tutur. Klubda az qala hamı bir-birinin mehriban düşmənidir, hər transfer qalmaqala səbəb olur, hər futbolçu öz həqiqətlərini danışır – gedən narazı, qalan narazı, gələn narazı.

Tərlan Əhmədovu həmişə yaxşı məşqçi saymışam. Onda bəyənmədiyim əsas xüsusiyyət qalmaqala meylli olmasıdır. İndi təsəvvür edin, zatən qaynar qazan olan “Kəpəz”in başında əlində benzin bidonu tutmuş adam dayanıb. O alov sönərmi? Rauf Əliyev, Əfran İsmayılov və başqalarıyla aylardı davam edən çəkişmə, yerli futbolçularla qalmaqal, oyunçulardan pul yığması ifşa olunan kapitan…

Və Əhmədov daxildə səhman yaratmaq əvəzinə bütün bunları ictimailəşdirir, birgə işlədiyi insanları günahlandırır, ifşa edir. Halbuki o, yalnız məşqçiliklə məşğul olsa, rəhbərliklə əl-ələ versə, “Kəpəz” daha yaxşı yerlərdə olardı. Təkcə ötən tur “Qəbələ”yə, dünən “Səbail”ə qarşı sərgilənən yaxşı oyun Tərlan bəyin futbol savadının sübutu idi. Amma və lakin…

Əhmədovun dünənki oyundan sonra verdiyi açıqlamalar qan dondurur: “Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. “Kəpəz” Premyer Liqaya təzə gəlib. Çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir. Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bugünlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Demək ki, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir”.

Bəlkə içərisində həqiqət də var, lakin bu, daha çox çayxana söhbətidir, PRO kateqoriyalı, iddialı məşqçinin, uzun illər millinin kapitanı, SSRİ yığması ilə Avropa çempionu olmuş birinin monoloqu belə olmamalıdır. Evin sirrini çölə çıxarıb ictimailəşdirməzlər. Ya daxildə həll edərlər, ya da baş götürüb gedərlər.

“Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir” ifadəsinə görə özünə hörmət edən klub rəhbəri ya özü istefa verər, ya da klubun imicini korladığına görə məşqçini qovar. “Kəpəz” imici, adı olan tarixi klubumuzdur, indi onu “əyləncə mərkəzi”nə çevirənlər bəlkə də klubun saysız yetirmələrinin ruhunu necə incitdiklərindən xəbərsizdirlər. Amma əmin olsunlar ki, bu klub son pilləni tutsa, kimsə “Gəncəyə futbol yaraşır” deyə səsini ucaltmayacaq, “layiq olduğu yerə getdi” deyib yaddan çıxaracaq. Nə qədər gec deyil, “Kəpəz”i etibarlı əllərə təslim etmək lazımdır.

Tezliklə “Kəpəz”dən qovulan bir futbolçu ilə bağlı şok xəbəri hamı eşidəcək. Onun əməlləri ifşa olunacaq, bəlkə də karyerası bitəcək, ömürlük diskvalifikasiya olunacaq. Lakin o zaman “Tərlan düz deyirmiş” demək “Kəpəz”i dəfn etmək anlamına gələcək. “Kəpəz”də heç kim düz demir, hamı yorğanı öz üstünə çəkir, hamı bir-birinin dalınca danışır. Əhmədov bunu mətbuata açıq şəkildə bildirir, bir başqası xəlvətdə iş görür. Və heç biri doğrusunu etmir. “Kəpəz”ə dirilik üçün birlik lazımdır. Yoxsa istefa şüarları ilə Premyer Liqaya qayıdan Gəncə klubu eyni ab-hava ilə də Diviziona yollanacaq. Hələ gec deyil.

Azarkeş həmişə haqlıdır, lakin klubu fanatların istədiyi kimi idarə etmək də olmaz. “Kəpəz”ə dəmir yumruq lazımdır – elə bir yumruq ki, məşqçisi də, futbolçusu da özünü yox, ümumi uğuru düşünsün. İlqar Nadiri? Ola bilsin, yaxşı insandır, cavan kadrdır, amma, lakin, ancaq…

CAVAD

Shares: