“Turan Tovuz”un yeni transferi, moldovalı Denis Marandiçi futbolinfo.az saytına müsahibə verib. O, ölkəmizdə debütündən, ilk iki qarşılaşmadan danışıb. Cinah müdafiəçisi “Sumqayıt”a məğlubiyyətə layiq olmadığını deyir.

– Nəticədən razı deyilik. Minimum bir xal qazanmalıydıq. Çünki o qədər pis çıxış etmədik. Sadəcə, futbol həmişə ədalətli olmur. Ona görə biz növbəti matçı səbrsizliklə gözləyirik. Hər oyun keçdikcə daha yaxşısını etmək istəyirik.

– Qış fasiləsindən sonra ardıcıl iki məğlubiyyət sizi narahat edir?

– “Qarabağ”la heç-heçə yaxşı nəticə olardı. Çünki buna layiq idik. Amma uduzduq. Qışdan sonra iki oyunda xal qazana bilməmişik. Lakin özümüzü yaxşı səviyyədə göstərməyi bacarmışıq. İnkişafa davam etməliyik. Müsbət nəticələr mütləq gələcək.

– Özünüzü Azərbaycanda necə hiss edirsiz?

– Mən xoşbəxtəm və “Turan Tovuz”da çıxış etdiyimə sevinirəm. Bu iki oyun mənda böyük təəssürat yaratdı. Güclü bir liqaya gəldiyimi anladım. Burada hər cəhətdən yüksək keyfiyyət görürəm. Düşünürəm ki, yaxşı mübarizə var.

– Misli Premyer Liqasının səviyyəsi sizi qane edir?

– Səviyyə həqiqətən yaxşı görünür. Dediyim kimi, təəssüratım çox gözəldir. Yüksək keyfiyyətli, maraqlı futbolun ortaya qoyulduğu bir çempionatdayam.

– “Qarabağ”ın ölkənin ən güclü klubu olduğu bəllidir. Onlara qarşı çıxış etmək necə idi?

– “Qarabağ” çox güclü komandadır. Avrokuboklardakı oyunlarından da görmək olar ki, onlar başqa səviyyədədir. Həqiqətən yüksək keyfiyyətə malik futbolçulara sahibdirlər. Hazırda onları bu çempionatda hansısa komanda ilə müqayisə etmək çətindir. Düzdür, mən 2 oyun oynamışam, amma “Qarabağ”ın gücü barədə hər şey məlumdur.

– Onları bundan öncə oynadığınız liqalardakı hansı komanda ilə müqayisə edə bilərsiz?

– Yalnız bir oyundan sonra müqayisə etmək çətindir. Hər liqa və hər komanda fərqlidir. Sadəcə, onu bilirəm ki, bu komandaya qarşı oynamaq çətindir. Heyətindəki yüksək fərdi keyfiyyətlərə malik oyunçulardan da çox danışmaq olar.

– Moldova futbolu Azərbaycana çox uzaq deyil. Bizdən də orada oynayan futbolçular olub, Azərbaycanda da Moldovadan çoxlu legionerlər olub…

– Mən “Keşlə”də oynamış Stanislav Namaşkonun və Azərbaycanda bir neçə klubda çıxış etmiş Yevgeni Koçukun adın çəkə bilərəm. Milli komandada bu futbolçularla birlikdə çıxış etmişik. Onlarla bura gəlməmişdən danışdıq. Azərbaycan haqqında bir çox müsbət fikirlər dedilər.

– Qarşıda “Şamaxı” ilə səfər matçı var. Qış fasiləsindən sonra ilk qələbənizi qazana biləcəksiz?

– Biz hər oyuna qələbə üçün çıxırıq. “Şamaxı”ya qarşı matç da bundan fərqli olmayacaq.

AĞA

Shares: