AFFA “Sumqayıt”ın lehinə güzəştə hazırlaşır. Qurum növbəti dəfə ehtiyac olmadan milliləşmə qərarı verəcək.

Futbolinfo.az xəbər verir ki, Rusiyanın “Arsenal” klubundan ayrılan Kamran Əliyev “Sumqayıt”la anlaşıb. Futbolçu bir aydan çoxdur ki, “kimyaçılar”ın düşərgəsindədir. Lakin 25 yaşlı futbolçu hələ də Misli Premyer Liqasında debüt eməyib.

Türkiyədəki təlim-məşq toplanışı zamanı “Sumqayıt”ın düşərgəsində olan hücumçu bugünlərdə rəsmi müqaviləyə qol çəkməlidir. Lakin məsələ uzanır, “Sumqayıt” rəhbərliyi isə səbəbi gizli saxlamağa çalışır. Əliyev Tula klubundan azad agent kimi ayrılsa da, onun debütünün yubanmasının sirri olmalıdır.

Kiçik bir araşdırma apardıq və problemin səbəbini öyrəndik. Sən demə, “Sumqayıt” AFFA-ya 50 min manat ödəməmək üçün qanunsuzluğa əl atmaq, assosiasiyadan güzəşt qoparmaq niyyətindədir.

AFFA İcraiyyə Komitəsinin ötən il aprelin 29-da qəbul etdiyi qərara görə, Premyer Liqa klubları mövsüm ərzində 14 legioner transfer edə bilər. Bu hədd aşılarsa, hər yeni oyunçu üçün 50 min manar rüsum ödənilməlidir. “Sumqayıt” isə mövsüm ərzində 14 əcnəbini heyətinə qatıb. Legionerlərin hansı səviyyədə olmasına diqqət yetirilmədən heyət doldurulub, faizlər qazanılıb, yarısı 6 ay bitməmiş qovulub. Pul qazanmaq hirsi klub rəhbərliyinin gözünü o qədər örtüb ki, bir də ayılıb limitləri tükətdiklərini görüblər.

Kamran Əliyev Rusiya vətəndaşıdır, Azərbaycanda isə ikili vətəndaşlığa icazə verilmir. Onun Premyer Liqada yerli statusla oynaması üçün milli komandaya cəlb olunması lazımdır. Hazırda “Sumqayıt” rəhbərliyi bunun üçün çalışır. İndiyə qədər yığma komandaya lazım bilinməyən bu futbolçunu indi öz məqsədləri üçün millinin düşərgəsinə çağırtdırmaq istəyirlər. Təbii ki, məqsəd yığmanı gücləndirmək deyil, klub bununla 50 min manatı büdcəsində saxlamaq niyyətindədir.

AFFA-nın bu məqsədli plana qol qoyub-qoymayacağını bilmirik. Qurum Azər Əliyevin milli pasport almasına da nail oldu. Amma “Neftçi”nin müdafiəçisi hələ yığmada oynamayıb. Kamranla bağlı da eyni ssenari mümkündür.

Bu məsələdə Gənclər və İdman Nazirliyinin mövqeyi də maraqlıdır. Sənədlər bir qayda olaraq, bu qurumun təsdiqindən keçməlidir. Ola bilsin, AFFA-da “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin dostları çoxdur və bu şəxsə güzəşt etmək istəyirlər. Lakin nazirlik daha diqqətli olmalı, acı təcrübəni göz önünə gətirib hesabat istəməlidir. Qoy, “Sumqayıt” Əliyevin milli komandaya həqiqətən faydalı olacağını sübut etsin, eyni futbolçunun dünənədək millimizdə oynamaq istəməməsinin səbəbini açıqlasın.

Kamran həqiqətən Azərbaycanı sevsəydi, milli komandamızı çoxdan seçərdi, Rusiyada legioner sayılacağından, pul qazanmaq imkanından məhrum olacağından ehtiyatlanaraq bugünədək rədd cavabı verməzdi. Zaman keçdi, Kamran hətta “Arsenal”a da lazım olmadı və çətinə düşəndə vətəndaşlıq istəyir.

Söhbət təkcə 50 min manat rüsumdan getmir. Əliyevin legioner kimi oynaması “Sumqayıt”ın məşqçilərinə də sərf etmir. Heyət əcnəbilərlə doldurulub, onların hamısının oynadılması üçün Kamran Azərbaycan vətəndaşlığı almalıdır.

Ümid edirik ki, AFFA, AGİN “Sumqayıt” üçün güzəştə getməyəcək. Kamran Əliyevin azərbaycanlı olması indi yadına düşübsə, bu, yalnız şəxsi maraqlarına görədir.

ABBAS

Shares: