Erik Maksim Çupo-Motinq “Bayern”lə yeni müqavilə bağlamağa hazırlaşır. 33 yaşlı kamerunlu münhenlilərlə yayda bitəcək anlaşmasını yeniləyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə hücumçunun meneceri məlumat verib: “Danışıqların son mərhələsindəyik. Həmişə olduğu kimi yenə maliyyə məsələsiylə bağlı müzakirə aparırıq. Ortaq məxrəcə gələ biləcəyimizə ümid edirəm. Çupo-Motinq “Bayern” üçün önəmli olduğunu artıq sübut edib”.

Münhenlilərin düşərgəsinə 2020-ci ilin sonunda gələn futbolçu yeni müqavilədən boyun qaçırırdı. O, yeni hücumçu alınacağı təqdirdə az oynayacağını bildiyi üçün başqa klub axtarışında idi. Amma “Bayern” qışda transferə ehtiyac duymadı və kamerunlu ilə danışıqlara başladı.

Shares: