“Sumqayıt”ın qış fasiləsində Ukraynanın “Kolos” klubundan icarəyə götürdüyü braziliyalı futbolçu Dieqo Karioka ölkəsinin mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “esportenewsmundo” nəşrinə açıqlamasında yeni komandasına artıq uyğunlaşdığını bildirib:

“Sumqayıt”a uyğunlaşma dönəmim rahat keçdi. Rus dilini öncədən bilirdim. İngilis dilini bilməyim də uyğunlaşma prosesinə çox kömək oldu. Yaşadığım şəhər gözəl, insanlar sakitdirlər. Bura ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün klub mənə hər cür dəstəyi verdi. Həm “Sumqayıt” klubu, həm də Azərbaycan məni müsbət mənada təəccübləndirdi”.

Karioka Premyer Liqanın 20-ci turunda “Turan Tovuz” üzərində qələbə qazandıqları (2:1) matçdan da danışıb: “Daha sakit və rahat şəkildə yola davam edə bilməyimiz üçün startda qələbə qazanmaq həmişə yaxşıdır. Qısa müddət əvvəl bura gəldiyimi nəzərə alsaq, meydana çıxmaq və qalib gəlmək çox vacib idi. Çünki “Sumqayıt”ın heyətində iştirak etmək üçün səbirsizlənirdim”.

Xatırladaq ki, “Turan Tovuz”la görüşün start heyətində meydana çıxan Dieqo Karioka 73 dəqiqə oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp