Bu gün “Futbolinfo”da “Kəpəz”də legioner alveri” sərlövhəli yazını yəqin ki, oxumusuz. Klubun yeni transferi Martins Junior barədə yazdıqlarımıza Gəncə klubunun rəsmi münasibətini öyrənmək də vacibdir.

Biz də “Kəpəz” rəhbərliyinə faktlarla bağlı reaksiya bildirmələri üçün şərait yaratdıq. Gəncəlilərin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin cavabları bizi qane etməsə də, hörmət əlaməti olaraq fikirlərinə yer veririk. O, bunu klub rəhbərliyinin münasibəti kimi qəbul etməyimizi istəyir.

Azad bəy Martins Junior ilə yayda yox, bu ilin yanvarında müqavilə bağlandığını iddia edir: “Bəli, yayda bu futbolçu bizim düşərgədə olub. O vaxt bizə deyildi ki, futbolçunu bəyənsəz, əvvəlki klubundan ayrılmasında heç bir problem yoxdur. Futbolçu da özünü yaxşı tərəfdən göstərdi, bəyənildi. Amma sonra biz müqavilə bağlamaq istəyəndə dedilər ki, klubu təzminat istəyir. Büdcəmiz təzminat ödəməyə imkan vermədiyindən keçid alınmadı. Həm də əvvəlcədən hər şeyi futbolçunun özünün ödəyəcəyi barədə söhbət olmuşdu. Bu sövdələşmə baş tutmadı və onu gətirən menecerə bildirdik ki, Junioru qışda komandaya cəlb edə bilərik. Çıxış etdiyi çempionat bitəndən sonra braziliyalı noyabrda “Kəpəz”ə gəldi, məşqləri davam etdridi, yanvarda iki iliik müqavilə bağlandı”.

“Kəpəz” rəhbərliyinə inanmaq istəyirik. Amma yaxşı olardı ki, növbəti açıqlamalarında yanvarda müqavilə bağlanacaq oyunçunu noyabrdan etibarən düşərgədə saxlamalarına aydınlıq gətirsinlər. Kluba iddia etdiyimiz bağlılığı yoxdursa, braziliyalını iki ay klubun hesabına bəsləməyin, onun xərclərini çəkməyin nə mənası var idi? Həm də söhbət yayda yalan danışmış, əvvəlki klubuyla problemi özünün həll edəcəyini vəd edən, sonra bunu bacarmayan birindən söhbət gedir.

Mustafayev yazıda adı keçən Kamran Şahverdinin iş adamı olmadığını, menecer kimi çalışdığını açıqlamasına əlavə edib: “O, klub prezidentinin dostu deyil, menecerdir, müraciət edib, təklif etdiyi oyunçu bəyənilib və işbirliyi qurulub. Bəlkə də futbolçu ingilis dilini bilmədiyindən müsahibəsində fikrini düz ifadə etməyib, lakin həmin adamın klub rəhbərliyi ilə dostluğu yoxdur”.

Artıq buna biz cavabdeh deyilik. Günahı jurnalistin boynuna atmaq, futbolçunun fikrinin düzgün anlaşılmadığını iddia etmək ən asan yoldur. Belədirsə, həmin müsahibə dərc olunan kimi buna etiraz etmək, yanlışı aradan qaldırmaq lazım idi. Edilməyibsə, mətbuatda gedən açıqlamanı fakt kimi qəbul etməliyik. “Kəpəz” rəhbərliyi növbəti açıqlamasında futbolçu ilə qışdan qışa müqavilə bağlamalarının izahatını da versə, pis olmaz. Azərbaycanda mövsüm yayda başa çatır. Çempionat yarılanarkən futbolçunu yola salmaq peşəkarlıq nümunəsi deyil. Yoxsa 2024-ün qışı üçün başqa üçün başqa əməliyyat planları var?

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp