Manuel Ruy Koşta Entso Fernandesi satmalarının səbəbini açıqlayıb. Son ana qədər argentinalı dünya çempionunu Lissabonda saxlamağa çalışan “Benfika” prezidenti yekunda fərqli qərar vermələrini oyunçunun davranışına bağlayıb.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya klubu böyük transfer təklifinə baxmayaraq, satılmırdı. Amma dayaq yarımmüdafiəçisi getməkdə israr edincə müqaviləsində nəzərdə tutulan sərbəstqalma bəndi aktivləşdi. Belə ki, “Çelsi” tələb olunan 121 milyon avronu ödəyərək Fernandesi İngiltərəyə apardı.
Ruy Koşta Entsonun davranışından məyus olub: “Argentinalının bizimlə qalıb çempionluq üçün mübarizə aparacağını umurdum. Sonda durumun belə olmadığını gördüm. Əmin oldum ki, getmək istəyir. Bu səbəbdən onu “Benfika” formasında görmək istəmədim. Burada oynamaq istəməyən futbolçu “Benfika”da olmamalıdır. Artıq onun bizim paltardəyişmə otağında yeri yox idi”.