“Sumqayıt”ın yarımmüdafiəçisi Vüsal İsgəndərlinin futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən sonra keçirdiyiniz iki çempionat oyununda “Zirə”yə (1:3) məğlub olub, “Turan Tovuz” (2:1) üzərində qələbə qazandınız. Komandanızın performansını necə dəyərləndirirsiniz?
– İlk turun çətin olacağını bilirdi. Çünki qışda transfer edilən əcnəbi futbolçularımız var idi. Xüsusən də ön xətdə yeni adlar var idi. Bu mənada uyğunlaşmaqda problem yaşayacağımızı başa düşürdük. “Zirə” ilə görüşdə kapitanımız Vurğun Hüseynov zədələnib əvəzlənənə qədər çox yaxşı çıxış edirdik. Qol imkanlarımız çox idi, rəqibə qapımıza yaxınlaşmaq imkanı verməmişdik. Üstəlik, hesabda da 1:0 öndə idik. Vurğunun zədələnməsi, Murad Xaçayevin orta sahədən geri çəkilməsi oyunumuza təsir göstərdi. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Layiqli qələbə qazandılar. Amma başqa cür ola bilərdi. “Turan Tovuz”la görüş isə fərqli keçdi. Deməli, “Zirə” ilə qarşılaşmada daha az istəkli olduq. Daha istəkli olmalı, kompakt oynamalı idik. “Turan Tovuz” önündə hər şey istədiyimiz kimi alındı və qələbə qazandıq.
– “Turan Tovuz” üzərində qələbə “Sumqayıt”ın oyundan-oyuna artırmasının, yoxsa rəqibin nisbətən zəif olmasının göstəricisi idi?
– Deməzdim ki, rəqib zəifdir. Əksinə, “Turan Tovuz” hazırda Azərbaycanda ən çətin rəqiblərdən biridir. Çox yaxşı müdafiə olunurlar və təhlükəli hücum xəttinə malikdirlər. Hərtərəfli kompakt oynayırlar. Həm müdafiə, həm də hücumda çətindirlər. Fikrimcə, onlarla görüşdə daha istəkli olduq. Bunun irəli doğru addım olub-olmadığını qarşıdakı matçlarda görəcəyik. Qələbənin davamını gətirmək istəyirik. Stabilliyi saxlamaq lazımdır.
– Qış fasiləsində əcnəbi futbolçularınızın əksəriyyəti dəyişdirildi. Yeni gələnlərin səviyyəsi sizi qane edir?
– Gedənləri də pisləyə bilmərəm. Həm yaxşı oyunçu idilər, həm də gözəl insan. Yeni gələnlər də çox yaxşıdırlar. Biz də komandaya xeyir vermələrini istəyirik. Bəzən yaxşı futbolçu Azərbaycan çempionatına uyğunlaşmaqda çətinlik çəkir, istədiyini edə bilmir. “Sumqayıt”da hamı əcnəbilərə dəstək olmağa çalışır ki, komandaya xeyir versinlər, gücümüzə güc qatsınlar. Həm insan, həm də futbolçu kimi çox yaxşıdırlar. Mentalitetimizi başa düşürlər. Baş məşqçinin tapşırıqlarından əlavə paltardəyişmə otağında öz aramızda söhbətlərimiz də olur. Çempionatımızda çox istəkli və fiziki cəhətdən yaxşı formada olmaq vacib məqamdır. Məsələn, Terrens Tisdellə Türkiyədə çıxış etmişik. Ona Türkiyə ilə Azəbaycan futbolunun fərqini izah edirəm. Özü də qəbul edir ki, Azərbaycanda müdafiə olunmaq baxımından sistem daha yaxşıdır.
– Mövsümün ilk yarısındakı “Sumqayıt”la qış fasiləsindən sonrakı komanda arasında nə kimi fərqlər var?
– Müqayisə aparmaq düz olmazdı. Mənim işim futbolçuların müqayisəsini aparmaq deyil. Gələnlərlə gedənlər arasında heç bir fərq yoxdur. Hamısı insan kimi çox yaxşıdır. Gedən əcnəbilər buradakı yerlilərlə indi də ünsiyyət qurursa, deməli, burada xoş ab-hava hökm sürüb. Hansının daha yaxşı uyğunlaşacağını, komandaya necə xeyir verəcəyini zaman göstərəcək. Ümid edirik ki, yeni gələnlər daha çox xeyir verərlər. Başqa heç nə istəyə bilmərik.
– Qışda fasiləsində baş məşqçi Samir Abasovun istədiyi oyunçular transfer edildi. Bu baş məşqçinin rəhbərliyi altında çıxış etməyin fərqini artıq hiss edə bilirsiniz?
– Samir müəllim komandaya həm gec, həm də pis vaxtda gəldi. Komanda olaraq motivasiyamız çox aşağı idi, hər oyunda uduzurduq, qol vura bilmirdik. Belə vəziyyətdə komandanı qəbul etdi. İndi isə hər oyunda qol vura bilirik, xallar qazanırıq, rəqiblərlə başabaş mübarizə aparırıq. Keçmiş baş məşqçimiz Aleksey Baqanı pisləmək fikrim yoxdur. O, çox yaxşı baş məşqçi idi. Baş məşqçilər arasında müqayisə aparmaq haqqını özümdə görmürəm. Onlar illərdir oxuyurlar, futbol bilikləri də hər kəsə bəllidir. Samir müəllim futbolçularla dil tapa, ünsiyyət qura bilir. Qələbə qazandıqca da kollektivdə əhval-ruhiyyə daha yaxşı olur. Belədə hamının üzü gülür və baş məşqçinin futbolçuları başa salması da asanlaşır. Uduzduqca motivasiya düşür, həvəs qalmır. Son matçları da yaxşı keçiririk. Hətta uduzduğumuz görüşdə də hamı deyir ki, yaxşı oynadınız. Deməli, irəliləyiş var. Bunun üzərinə bir az da qoymaq lazımdır.
– Samir Abasov mövsümün əvvəlindən baş məşqçiniz olsaydı, yenə aşağı sıralarda qərarlaşardınız?
– Bunu deyə bilmərəm. Çünki bunu bilmək çətindir. Bizə zaman lazımdır ki, özümüzü göstərək və baş məşqçinin istəklərini yerinə yetirək.
– Mövsümün sonlarında ev oyunlarınızı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirə bilərsiniz. Ora köçmək sizin üçün nəyi dəyişər?
– Məncə, daha yaxşı olar. Mehdi Hüseynzadə adına stadionu görürük, əla arenadır, xoş aurası var. Dörd tərəfi tribunalarla bağlanıb. İndiki stadionumuz da yaxşıdır. Məğlubiyyətləri stadionun üstünə atmaq olmaz. Ancaq Mehdi Hüseynzadə adına stadiona köçməyimiz bizə müsbət mənada təsir edə bilər.
– Növbəti turdakı rəqibiniz Samir Abasovun sabiq komandası “Neftçi” olacaq. Baş məşqçiniz bu matça nəyisə sübut etmək üçün hazırlaşır, yoxsa sıradan matç kimi baxır?
– Düşünmürəm ki, özünü sübut etmək istəyəcək. Hər bir komandanın özünə uyğun hədəfi var. Bizim heyətimizdə də vaxtilə “Neftçi”də oynamış futbolçular olub. Məsələn, mən “Zirə”də yetişmişəm, peşəkar futbolda ilk addımlarımı orada atmışam. Amma bu o demək deyil ki, özümü onlarla matçlarda sübut etməliyəm. Əksinə, onlara hörmətlə yanaşıram. “Zirə”nin ürəyimdə başqa yeri var. Sabiq klubunla qarşılaşırsansa, ona qarşı fərqli motivasiya ilə çıxmaq məcburiyyətində deyilsən. Bizim əsas məqsədimiz azarkeşlərimizi sevindirməkdir, öz vəziyyətimizi yaxşılaşdırmaqdır. Çünki turnir cədvəlində öz durumumuz yaxşı deyil.
– Premyer Liqanın hazırkı mənzərəsi necə görünür? Xüsusən də, çempionluq uğrunda mübarizədə “Sabah”ı “Qarabağ”a rəqib qismində görürsünüz?
– Çempionat çox ağır gedir. Bu, həm aşağı, həm də yuxarı sıralarda yer alan komandaların hamısına aiddir. Hər kəsin bəlli hədəfi var. Ardıcıl 2-3 qələbə qazansaq, bizim də hədəfimiz dəyişə bilər. İndiki durumda əsas məqsədimiz aşağı pillələrdən canımızı qurtarmaqdır. Ondan sonra nəyəsə ümid eləmək olar. “Sabah”ın çox geniş heyəti var, yaxşı futbol sərgiləyir. İstər yerli, istərsə də əcnəbi oyunçuları kifayət qədərdir. “Neftçi” böyük klubdur. “Qarabağ”ın adı gəldiyi zaman artıq şərhə ehtiyac qalmır. “Zirə” və “Qəbələ” də avrokuboklar uğrunda yarışırlar. Məncə, çempionatın bundan sonrakı mərhələsi daha maraqlı olacaq.
ABBAS