Bölgə matçlarına təyyarə ilə yollanan “Qarabağ” yenə eyni addımı atıb. Mövsümün ikinci yarısının “Turan Tovuz”la matçında olduğu kimi “Kəpəz”lə görüş üçün də hava gəmisi sifariş edilib.

Futbolinfo.az xəbər verir ki, Türkiyədəki təlim-məşq toplanışından birbaşa Gəncəyə gələn ağdamlılar indi yerli komanda ilə görüş üçün bu şəhərə gedib. Dünən axşamüstü yola çıxan komanda az sonra çıxacağı matçöncəsi yorğun olmayacaq.

Saat 14.00-da başlayacaq matçdan öncə kiçik tədbir olacağı gözlənilir. Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təşəkkürünü ona gül dəstəsi təqdim etməklə çatdırmaq istəyən uşaqlar var (sportinfo.az). Onlar 2020-ci ildə, ikinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən uşaqlardır.

Belə ki, o dövrdə televiziya verilişlərinin birində hadisə yerindən kadrlar göstərilib. Uşaqlardan biri əlində yanmış oyuncağını tutub və pərişan halda kameraya baxıb. Qurban Qurbanov o görünütüdən təsirlənib və dərhal həmin uşaqlara oyuncaqlardan ibarət sovqat göndərib. Baş məşqçinin bu addımı uşaqların və yaxınlarının sevincinə səbəb olub. İndi isə azyaşlılar Qurbanova başqa formada təşəkkür etmək istəyir.

Shares: