Bu gün “Sabah” gözlənilən qələbəni reallaşdırsa, növbəti tur daha maraqlı oyun izləyəcəyik. Çünki “Qarabağ”la xal fərqi 5-ə düşəcək. Belədə fevralın 11-dəki şəxsi duel çempionluq yarışında intriqanın qayıtması baxımından daha da önəmli olacaq.

“Qarabağ” həmin gün Konfrans Liqasıdakı matçı düşünməyə məcbur olacağından, qonaqlar cəsarətli oynayacağı halda vəziyyətini daha da yaxşılaşdıra bilər. Həm də unutmayaq ki, Qurban Qurbanovun özünün də etiraf etdiyi kimi, komandası hələ ideal formada deyil, oyunlarında problemlər var. Və bu, Gəncədə növbəti dəfə özünü göstərdi. Meydanın durumu, oyunun keçirilmə saatı, səfər amili öz yerində, “Qarabağ” xüsusilə qol epizodlarının yaradılması planında axsayır.

Turun açılış matçında “Kəpəz”in sərgilədiyi futbol da qeyd edilməlidi. Gəncəlilər yüksək motivasiya ilə, qorxmadan oynadı və xal qopara bildi. Son pillədən qurtulmaq üçün az qala hər matçı finala bərabər olan qərblilər yaxşı oynamağa davam etsə, nəticələr özünü gözlətməyəcək. Bir şərtlə ki, sabitlik təmin olunsun, “Qarabağ”la oyundakı çıxış növbəti turlarda da təkrarlansın.

Zirədəki matçdan sonra bəlli oldu ki, ilk 3 pillə hazırda turnir cədvəlinə başçılıq edən komandalar arasında bölünəcək. Ümumiyyətlə, yarış cədvəli sanki 3 təbəqəyə bölünüb – medalçılar bəllidir, 2 güclü ortabab var və qalanlar autsayderlərdir. Və dünən qeydə alınan heç-heçə ilə bu mövqelər bir az da möhkəmləndi.

Erkən və asan qol buraxmaq mərəzindən qurtula bilməyən “Zirə”, yenə qalan dəqiqələrdə oyunu dəyişməyi bacardı. Ardıcıl 2 qol, qaçırılan penalti, çoxsaylı qol epizodları baş məşqçi Rəşad Sadıqovun görmək istədiyi oyun üslubunun meydanda əks olunması idi. Lakin “qartallar” indi daha çox gələn mövsümün komandasını qurmağa çalışır, atılan addımlar bunu göstərir. Avrokuboklara vəsiqə qazanmaq ümidi var, lakin indi buna köklənib komanda quruculuğunu yaddan çıarmaq yanlış olar. Hətta Konfrans Liqasına vəsiqə qazanılacaqsa da, komanda buna hazır olmalıdır.

Və “Zirə”də hazırda sabahın komandası qurulur. Qapı tam etibarlı əllərdə deyil, müdafiədə problemlər var – onlar yoluna qoyulsa, daha mobil komanda izləyə bilərik. “Zirə”nin dünən buraxdığı ilk qolda qapıçının səhvi var idi, qonaqlar hesabı bərabərləşdirərkən isə müdafiəçilər etibarlı oynamadı. Daha parlaq görünən hücum xəttiə uyğun komanda qurulması üçün müdafiə planında güclənmək mütləqdir.

“Qəbələ”yə gəlincə, 2 mərkəz müdafiəçisinin yoxluğuna rəqibə xeyli epizod vermək gözlənilən idi. Əvəzində komandanın hücum potensialı çox yaxşıdır. Bölgə təmsilçisi 2022-ci ildəki 3 oyunda qələbə qazana bilməsə də, oyun daha yaxşısına ümid verir. Ona görə də kubokda Elmar Baxşıyevin yetirmələrindən sürpriz gözləməyə dəyər.

Əsas izləyicisini 12 xal qabaqlayaraq ən azı 3-cü pilləni təmin edən “Neftçi”nin ən böyük üstünlüyü özündən zəif komandalarla görüşdə lazımi nəticəni təmin etmək bacarığıdır. İşlər çətinə düşəndə usta futbolçular səhnəyə çıxır və fərdi üstünlüklərindən yararlanır. Dünən də standart vəziyyətdən sonra matçın axarını dəyişmək mümkün oldu.

Qiş fasiləsindən sonra yavaş-yavaş özünə gələn komandaların siyahısına “Sumqayıt”ı da əlavə etməliyik. “Kimyaçılar” mövsümün il yarısıyla müqayisədə oyun planında nisbi irəliləyiş əldə ediblər. Sabitlik əldə olunsa, oyunda inkişaf davam etsə, son pillələrdən uzaqlaşmaq mümkün ola bilər. Lakin komandanın xüsusilə müdafiənin mərkəzindəki problemlər həll olunmalıdır.

Bu gün bütün diqqətlər Şamaxıya yönələcək. Yerli komandanın “Turan Tovuz”la görüşündə qalib gələn rahat nəfəs almaq imkanı əldə edəcək. Xüsusilə qərblilərə uğursuz seriyanı başa vurmaq üçün bu matçın nəticəsi çox önəmlidir. “Kəpəz”lə matçöncəsi heç-heçə də Ayxan Abbasovun yetirmələri üçün pis nəticə sayılmaz.

CAVAD

Shares: