“Turan Tovuz” bu həftə yeni sponsoruna qovuşacaq. Fevralın 11-də, növbəti turun “Kəpəz”lə matçından öncə “Huner Group”un təqdimat mərasimi keçiriləcək.

Futbola biganə qalmadığı, bu sahəyə yatırım etdiyi üçün alqış qazanan şirkətin əsas dəstəyi gələn mövsüm hiss olunacaq. Cari mövsümdə Qərb klubuna müəyyən kömək göstərməyi, bəzi problemlərin həllində yardımçı olmağı düşünən yeni sponsor, daha çox gələn mövsümü hədəfləyib. Daha güclü, rəqabətədavamlı komandanın formalaşdırılması üçün “Huner Group” dəstəyini əsirgəməyəcək.

Əldə etdiyimiz bilgiyə görə, şirkət klub idarəçiliyinə ciddi şəkildə nüfuz etməyi düşünmür. Zatən bu addım əlavə problemlər yarada, qurulmaqda olan nizamı poza bilər. “Turan Tovuz” indiki kimi idarə olunacaq, yenə dövlət dəstəyi sayəsində çıxışını sürdürəcək. “Huner Group” isə sadəcə, əlavə yardımla klubun inkişafına töhfə verəcək. Məşq meydançalarının salınması, süni qazonun təbii ot örtüyü ilə əvəz olunması, şəhər stadionunun işıqlandırılma sisteminin qurulması – bütün bunlar hazırda “Turan Tovuz”un arzulayıb reallaşdıra bilmədikləridir. Yeni sponsorun gəlişi ilə həm heyətin gücləndirilməsi, həm də bu problemlərin mərhələli həlli mümkün olacaq.

Şirkətin planları ilə təqdimat mərasimində ətraflı tanış olacağıq. Amma indidən bizə bəllidir ki, “Huner Group” gələn mövsümdən etibarən kluba bir milyon manat yardım etmək istəyir. Hazırda AFFA vasitəsi ilə gələn 3 milyon manatla yaşayan tovuzlular üçün bu məbləğ çox ciddi kömək olacaq. Davamlı olmasını, digər şirkətlərin, iş adamlarının da prosesə qoşulmasını arzulayırıq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp