Tomas Müller “Bayern”in tarixinə düşdü. O, “Volfsburq”la səfər matçında meydana çıxmaqla buna nail oldu.
Futbolinfo.az xəbər verir ki, səfərdə 4:2 hesablı qələbəyə sevinən münhenlilərin hücumçusu Almaniya çempionatlarında 427-ci dəfə “Bayern” forması geydi. Bu, əfsanəvi Herd Müllerin rekordunun təkrarıdır. Başqa heç bir meydan oyunçusu (qapıçı Zepp Mayer istisnadır) Bundesliqa matçları çərçivəsində belə göstəriciyə imza atmayıb.
1964-79-cu illərdə “Bayern”də oynamış Herd Müller 2021-ci ilin avqustunda, 75 yaşında dünyasını dəyişib. Tomas Müller isə yetirməsi olduğu klubun əsas heyətində 2009-cu ildən çıxış edir. 33 yaşlı hücumçunun menhenlilərlə müqaviləsi ilyarımdan sonra bitəcək. Deməli, rekordu yeniləmək üçün çox imkanı olacaq.
Tomas hazırda klubda bütün turnirlərdə ən çox (645) oyun keçirən futbolçudur. O, yalnız qapıçı Zepp Mayerdən (706) geri qalır.