Hətta liderlər üçün qorxulu səfər sayılan Şamaxı “Turan Tovuz” üçün asan gəzinti yeridir. Qərblilər şəhərin eyniadlı komandasını yenməyin reseptini tapıb.
Ayxan Abbasovun yetirmələri bu mövsüm üç dəfə Şamaxıda qələbə qazanıb. Maraqlıdır ki, bütün hallarda cəmi bir qol vurulub. Həm ilk dövrədəki görüşdə, həm kubok oyununda, həm də bügünkü qarşılaşmada tovuzlular 2-ci hissədə vurduqları qolla qələbəni təmin etdilər. Əsas güzü dayanmadan qaçmaq, meydan boyunca işləmək olan “Şamaxı”nı dayandırmağın yolunu tapan rəqibi yaratdığ azsaylı fürsətlərdən maksimum yaralanmaqla istəyinə çatır.
“Turan Tovuz” 2-ci dövrədəki ev oyununda fərqli oynamağa, yerli azarkeşlərin dəstəyi ilə hücumda çıxış etməyə çalışdı və məğlubiyyətlə barışdı. Halbuki komanda öz dəst-xəttinə çalışsaydı, bəlkə də 4 oyunda 4 qələbə əldə edərdi.
Qərblilər bu nəticə ilə həm turnir cədvəlindəki mövqeyini qoruyub əsas izləyicisindən uzaqlaşdı, həm də xoşagəlməz seriyaya son qoydu. Belə ki, tovuzlular son qələbəsini 12-ci turda qazanmışdı. Komanda heç-heçələr sayəsində 6-cı pillədə duruş gətirsə də, autsayderlər sırasına düşməmək üçün məhz 3 xala ehtiyac duyurdu.
“Şamaxı”nı növbəti turda daha bir qonşusu “Sumqayıt”la vacib səfər oyunu gözləyir. Həmin matçda da məğlubiyyət reallaşsa, bölgə təmsilçisinin vəziyyəti xeyli pisləşəcək. Tovuzlular isə “Kəpəz”lə ev oyunu ərəfəsində daxili ab-havanı düzəltdi.
Yeri gəlmişkən, bu matçda növbəti dəfə VAR sisteminin nasazlığı qeydə alındı. Şamaxıda artıq adət etdiyimiz texniki problemlər yaxşı ki, oyunun qalmaqalla bitməsinə şərait yaratmadı. Oyun o qədər də templi, sürətli keçmədiyindən hər şey yaxşı qurtardı. Matçın Əliyar Ağayev kimi təcrübəli FIFA referisinə tapşırılması ilə AFFA Hakimlər Komitəsinin bəxti gətirdi – o, ipi əlində saxlamağı bacardı. Laki bu probleemlər birdəfəlik bitməlidir. Çatışmazlıqlar aradan qaldırılmalı, VAR sistemi mükəmməl tətbiq edilməlidir.
AĞA