Mövsümün ikinci yarısında nəticələr yaxşılaşmadıqca baş məşqçi istefaları sıralanır. Təsadüfi deyil, bu həftəsonu növbəti uğursuzluqlardan sonra daha iki komanda baş məşqçisiz qalıb.

Futbolinfo.az xəbər verir ki, Almaniyada “Hoffenhaym” Andre Braytenrayteri istefaya göndərib. Mövsümün əvvəlindən Bundesliqa klubuna rəhbərlik edən mütəxəssis 22 matçda cəmi 7 qələbə qazanıb, 11 matçda uduzub. Və bu nəticələr qaneedici sayılmadığından mütəxəssis postundan uzaqlaşdırılıb.

Bu gün daha bir istefa xəbəri İngiltərədən gəlib. Cessi Marş “Lids”in baş məşqçi postundan kənarlaşdırılıb. Son 7 matçda qələbə qazanmayaraq 17-ci pilləyə enən klubun rəhbərliyi çıxış yolunu dəyişiklik etməkdə görüb.

49 yaşlı amerikalı məşqçi ötən il fevralın son günündə Marselo Byelsanı əvəzləmişdi. Marşla müqavilə 2025-ci ilin yayında bitəcəkdi.

Shares: