“Səbail” ötən tur qurtulduğu son pilləyə qayıtdı. Bayıl təmsilçisi “Kəpəz” üzərində qələbə ilə məhz bu komandanı üstələmişdisə, gəncəlilərin lider “Qarabağ”dan xal alması vəziyyəti dəyişdi.

Heç kimin yerini dəyişməməsi üçün növbəti sensasiyaya “Səbail” imza atmalı idi. Amma “Kəpəz”dən fərqli olaraq, Bayıl təmsilçisi qızıl medallara digər iddiaçı olan “Sabah”a sürpriz etməyi bacarmadı.

Növbəti turda “Qarabağ”la üz-üzə gələcək “Sabah” qələbəni erkən təmin etmək istəyirdi. Komandanın startda təzyiq göstərib qollar vurmağa, ikinci hissədə isə ağdamlılarla görüş üçün qüvvəsini qorumağa çalışacağı aydın idi. Murad Musayevin planları alındı. Artıq 31-ci dəqiqədə hesab 3:0 idi. Rəngarəng və sürətli hücumların yekununda “dənizçilər”in bu templə ayaqlaşa bilmədiyi aydınlaşdı.

Fasilədən sonra qüvvəsinə qənaət edən meydan sahiblərinin qanı Con İrasabal meydandan qovulanda pozuldu. İnqilab Məmmədovun bir az da sərt görünən qərarı üzündən masazırlıların aparıcı oyunçusu “Qarabağ”la görüşdə meydanda olmayacaq. Dünənki matçda azlıqda qalmaqdan daha çox məhz bu məqam önəmli idi. İstənilən halda, “Sabah”ın planları pozulmadı. Az sonra meydanda say nisbəti düzəldi. Rahid Əmirquliyev də meydandan qovulunca hər şey qaydasına düşdü və qonaqlar daha bir dəfə mərkəzə dəvət olundu.

Şahin Diniyevin başçılığı altında 3-cü oyununa çıxan “Səbail” cəmi 3 xal qazanıb. Maraqlıdır ki, bayıllılar bu müddətdə ən böyükhesablı məğlubiyyəti alsa da, əvvəlkilər görüşlərlə müqayisədə daha yaxşı oynadı. Görünür, Diniyevin öz oyun dəst-xəttini futbolçulara tam aşılaması üçün zamana ehtiyac var.

Lakin faktdır ki, Mahmud Qurbanovun vaxtındakı “Səbail” “Sabah” üçün daha çətin rəqib idi. Çempionatda bu rəqibini Masazırda büdrətməyi bacaran “dənizçilər” kubokda da mərhələ adladı. Amma ümumi nəticələri götürsək, 18 oyuna 10 xal qazanan Qurbanovlu “Səbail”, orta hesabla hər matça bir xal əldə edən Diniyevin komandasından daha bərbad idi.

“Sabah” bu qələbədən sonra liderlə xal fərqini 5-ə endirdi. Növbəti turda “Qarabağ”la oyunda məğlubiyyət reallaşmasa, Musayevin yetirmələri intriqanı ən azı son turlara kimi saxlaya biləcək.

CAVAD

Shares: