“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradovun futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Zirə” ilə heç-heçə etdiniz. Matçla bağlı düşüncələrin necədir?
– Əsas rəqibimizlə gərgin oyun keçdi. Səfərdə olsa da, qalib gəlmək niyyətində idik. Aramızdakı xal fərqini azaltmaq haqqında düşünürdük. Amma əfsuslar olsun ki, qələbə qazanaq bilmədik.
– Ümumiyyətlə, “Qəbələ”nin oyunları dramatik və maraqlı alınır. Bunun səbəbini nədə görürsən?
– Fikrimcə, 4-cü yer uğrunda gedən gərgin mübarizənin nəticəsidir. Hər oyuna qələbə üçün çıxırıq, qalib gəlmək istəyirik.
– 5 turdur ki, qalib gələ bilmirsiz. Bunu çox uğursuz nəticə sayırsan?
– Xeyr, saymıram. Bu, futboldur və hər cür nəticələr olur. İnşallah, gələn matçda qələbə qazanaraq uğursuz seriyanı qırmaq fikrimiz var.
– Həm çempionatda, həm kubokda mübarizəyə davam edirsiz. Sizin üçün daha vacib olan hansıdır?
– Biz sırf kuboka, yaxud da çempionata yönəlməmişik. Qarşıdakı oyun və rəqibə fikrimizi yönəldirik. Nə olacağını zaman göstərəcək.
– Əvvəllər daha çox fərqlənirdin, qol vururdun. Son oyunlarda bunu görmürük.
– Bəli, inşallah gələn oyunlarda bunu göstərməyə çalışacam. Mən də hər bir matçda qol vurmaq, qol ötürməsi etmək istəyirəm. Komandaya kömək etmək həmişə mənim üçün vacibdir. Ümid edirəm ki, məhsuldarlığı artıracam.
– “Qəbələ”nin qışdan sonra yalnız bir transfer etməsi gələcək matçlara pis təsir etməyəcək?
– Xeyr, belə düşünmürəm. Şükür olsun ki, yetərli sayda oyunçumuz var. Hamı bir-birinə inanır. Birlikdə yaxşı olacağına ümidliyəm.
– Qarşıda “Neftçi” ilə vacib oyun var. Uzun müddət sonra qələbəni məhz həmin oyunda reallaşdıra biləcəksiz?
– “Neftçi” çempionatın ən iddialı klublarından biridir. Təbii ki, çətin və ağır oyun olacaq. Evdə oynayırıq. Yaxşı oyunla qalib gəlib azarkeşləri sevindirmək istəyirik.
CAVAD