“Turan Tovuz”un müdafiəçisi Eltun Turabovun futbolinfo.az saytına müsahibəsi

  • “Şamaxı” üzərində çətin olsa da, 1:0 hesablı qələbə qazandınız…
  • Bilirdik ki, ağır oyun olacaq. Amma rəqibi düzgün analiz etmişdik. Çalışdıq ki, onlara oynamağa imkan verməyək. Sıx müdafiə olunurdular. Belə halda qol vurmaq da çətin olur. Amma şükür ki, standart vəziyyətdən fərqləndik. Bu da bizə qələbə gətirdi.
  • Stadion amili sizə çətinlik yaratmadı?
  • Yox, düşünmürəm ki, stadion bizə çətinlik yaratdı. Biz də süni meydançada məşq edirik, oynayırıq.
  • Birinci hissədə zədələndin, amma oyuna davam etdin…
  • Ayağım burxuldu. Ağrı var idi həmin an, getdikcə də ağrılar çoxalırdı. Baş məşqçi də risk etmədi ki, sonra çətin vəziyyətlə üzləşərəm. Bu səbəbdən məni əvəzlədi.
  • Hazırda durum necədir?
  • Az da olsa, ağrılar var. Amma ümumi durum yaxşıdır.
  • “Turan Tovuz” 9 oyun sonra qələbə qazandı. Bu qalibiyyət sizin üçün nəyi dəyişəcək?
  • Hər oyuna çıxanda xal və ya xallar qazanmağa çalışırıq. Rəqiblər də qələbə üçün oynayır. Elə matçlar olub ki, məğlubiyyətə layiq olmadığımız halda uduzmuşuq, xal itirmişik. Sevinirəm ki, bu oyunda qələbə qazandıq və qarşıdakı oyunlar üçün özümüzə inamı artırdıq.
  • Komanda kubokda yarımfinala adlayıb və “Neftçi”yə rəqib olub. Çempionatda isə aşağı yerə düşməmək üçün gərgin mübarizə gedir. Hansı daha vacibdir?
  • Çempionatda mümkün qədər çox xal toplamağa çalışacağıq. Nəsib olsa, kubokun finalında da oynamaq istəyirik. Bu ikisi arasında seçim etməzdim. Həm kubokda, həm liqada mübarizəmizi tam gücümüzlə davam etdirəcəyik. Kuboku düşünüb çempionata fikir verməsək, yaxşı olmaz. Rəqiblərlə aramızdakı xal fərqi çox azdır.
  • Qarşıda “Kəpəz”lə oyun var..
  • Dünən oynamışıq və həmin matça da az vaxt qalıb. Düzgün hazırlaşıb, rəqibi yaxşı analiz etməliyik. Həqiqətən bizi evdə ağır oyun gözləyir. Çünki “Kəpəz” son zamanlarda yaxşı çıxış edir.
  • “Qərb derbisi” öncəsi gərginlik var?
  • Bu oyunlar həmişə maraqlı keçir. Tək derbi kimi düşünmək lazım deyil. Xallar qazanmaq daha vacibdir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp