“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə maraqlı müsahibə verib. Bu dəfə sports.az-a danışan təcrübəli mütəxəssis bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb.

Lakin Qurban bəy milli komandada işlədiyi vaxt başverənləri yenə təfərrüatı ilə danışmayıb. Yenə oxu atıb yayı gizlədib.

SUAL: Canni De Byazinin ikinci yeri uğur, sizin eyni nəticə AFFA tərəfindən uğursuzluq kimi qiymətləndirdi. Millidə “Qarabağ”dakı kimi rahat işləyə bilirdinizmi və qarşınıza 1-ci yer tutmaq məqsədi qoyulmuşdumu?

CAVAB: Azərbaycan futboluna fayda verən hər kəsə hörmətlə yanaşıram. Hamımız bu vətənin, xalqın kiçicik də olsa, uğuru üçün çalışırıq. Yenə deyirəm, uşaqlarımızın, gənclərimizin pis vərdişlərdən uzaq olması üçün ən yaxşı vasitələrdən biri futboldu. İdman və daha çox da futbol. Çünki bu kütləvi idman növüdü. Fərdi növdə 1 nəfər olursa, burda bir komandada özünüz bilirsiniz nə qədər adam olur.

Millidəki fəaliyyətimə gəlincə, orda mənim proqramım 1 illik deyildi, uzunmüddətli anlaşma idi. Hər millinin öz fəlsəfəsi, oyun sistemi var. Mənim də düşüncəm nəticədən əvvəl o sistemi otuzdurmaq idi. Çox xırda detallar var. Milli mənim rəhbərliyimlə Millətlər Liqasının son oyununda məğlub olub ikinci yer tutdu. Niyə məğlub olduq? Necə məğlub olduq?.. Futbol elə bir oyundur ki, bəzən düşünmədiyin, gözləmədiyin nəticələr olur. Düzdü, yaxşı komandaya uduzmuşduq. Bizim qarşımıza elə bir məqsəd qoyulmamışdı ki, mütləq 1-ci yer tutmalıyıq… AFFA rəhbərliyi ilə xoş münasibətləri qorumağa çalışırdıq… İstənilən halda ordan incik ayrılmışam… Amma bu o demək deyil ki, mən AFFA rəhbərliyinə hörmətsizlik edirəm, əksinə, indi görüşəndə orda olduğum müddətdən daha çox hörmət göstərirəm.

…Elə şeylər var ki, bu sözü, bu adama demək olar, olmaz? Bunu buna yaraşdırmaq olar, olmaz? O fikirləri daim analiz etməlisən. İndi durum dərinə gedim? Yox, getmərəm. Sadəcə, mənim tipim belədi, həmişə, hamıya hörmətlə yanaşıram, o cümlədən, AFFA-nın rəhbərliyindən tutmuş istənilən sıravi işçisinə qədər. Həmişə qapılarım üzlərinə açıqdı, nəsə soruşmaq istəsələr, mən tərəfdən heç bir problem yoxdu, görəndə də çox hörmətlə görüşürəm.

“Üç nöqtə”ylə gizlədilən, deyilməyən, anonsu verilib tam açıqlanmayan cavablara görə hər zaman Qurban bəydən narazı olmuşam. Onun seçimidir, bəlkə də belə davranışı daha düzgün sayır. Amma zənnimcə, həqiqətləri demək, Azərbaycan futbolunun qatillərini ifşa etmək lazımdır. Qurbanov və onun kimi işi, bacarığı, vicdanı, ədaləti, əxlaqı ilə seçilən insanlar susduqca həyatını ziyanvericiliyə həsr etmiş şəxslər özlərini qəhrəman kimi aparır, başda oturmağa, ağıl verməyə, özünü hamıdan yaxşı göstərməyə çalışır. Halbuki futbolumuzun taleyi ilə oynayan belələri hər fürsətdə ifşa edilməli, onların izi-tozu da qalmamalıdır.

“Niyə məğlub olduq? Necə məğlub olduq?..” Qurbanov cavab verməli məqamda sual verir. O gizlədirsə, cavabını mən yazım, yalandırsa, təkzib etsin, susacaqsa, bunu razılıq əlaməti kimi qəbul edəcəm.

Qurban bəyin işlədiyi dövrdən əvvəl və sonra milli komandanın qələbələri zamanı milyonlar dağıdan, hətta məğlubiyyətə görə futbolçulara mükafat verən AFFA, həmin kritik məqamda arxadan zərbə vurub. Kosovo ilə taleyüklü oyunun başlanmasına dəqiqələr qalarkən assosiasiyada əsas söz sahibi olan ovaxtkı baş katib Elxan Məmmədov paltardəyişmə otağında futbolçulara qələbəyə görə mükafat verilməyəcəyini bildirib.

Ümumi uğuru istəyən adam həmin məqamda, həlledici matç başlayarkən yaxşı mükafat vəd etməli, ən azı susmalı idi. Lakin onun bu açıqlaması ilə komanda birliyi darmadağın olub, oyunçular motivasiyadan düşüb. Hətta Elxan Məmmədovun və şəriki Riad Rəfiyevin yığma komandaya caladığı Dmitri Nazarov və Pavel Paşayev yalnız pulu düşündüklərini büruzə verərək oyuna çıxmaq istəməyib.

Təfərrüata varmağa ehtiyac yoxdur. Qurbanovun milli karyerasını, millinin taleyini məhz həmin qısa nitq həll edib. Belə psixoloji zərbədən sonra milli komandanın Kosovada məğlubiyyəti qaçılmaz idi və nəticə hamıya bəllidir.

Məmmədov o zaman bunu təbii ki, bilərəkdən etmişdi. Çünki Qurbanov onun istədiyi kimi yox, vicdanlı, əxlaqlı, tərtəmiz iş görürdü, toplanışlarda “otkat”lara imkan vermirdi, komandanı kənar təsirlərdən qoruyurdu, tapşırıqla futbolçu götürmürdü. Yekunda uğurlu nəticə var idi, komanda son tura kimi qrup qalibi olmaq şansını saxlayırdı. Və yekunda uğur əldə edilsəydi, Elxan və dəstəsinin 10 illik fəaliyyətsizliyi ifşa olunacaqdı. Buna imkan verə bilməzdi, son fürsətdə həlledici zərbəni vurdu.

Təbii ki, zaman Qurbanovu qalib etdi. Hər fürsətdə gözdən salmağa çalışdıqları Qurban bəy alın təri, bacarığı, əməyi sayəsində sonrakı illərdə hamıya və hər şeyi dəfələrlə sübut etdi, Məmmədov isə həbsxanaya düşməkdən canını qurtarmaq üçün ölkədən qaçdı, FIFA-nın çətiri altında daldalanır, Azərbaycan futbolunu Makronun yanından, Fransadan (!!!) idarə etməyə çalışır, xilaskar sifətində geri qayıtmağın planlarını cızır.

Bu, yazdığımız bircə faktdır. Tsikl boyunca futbolçuların mükafatının kəsilməsi də sıradan hadisə deyildi. Yığma komandanın Mərdəkana sürgün edilməsi, tələb olunan toplanışların lazımi səviyyədə təşkil olunmaması – hamısı futbolçuları Qurbanova qarşı qaldırmaq, onun olduğu dönəmdə hamını məhrumiyyətlərin gözlədiyini göstərmək cəhdi idi.

Qurban bəy isə susur, illər keçəndən sonra belə özünü təmizə çıxarmaq üçün həqiqətləri demir, hər şeyi yenə işi ilə sübut etməyə çalışır. Lakin hamı əsl həqiqəti bilməlidir. 6 illik müqavilənin 1 il içində ləğv edilməsini də, əcnəbilərlə müqavilələrin 2-3 dəfə yenilənməsinin pərdəarxasını da, ali rəhbərliyə deyilən yalanları da.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp