Rusiyanın müstəqillik tarixində onlarla klub müflisləşib ləğv olundu. Onlar arasında “Alaniya”, “Moskva”, “Amkar”, “Saturn”, “Tosno”, “Kuban” kimi vaxtilə adından söz etdirənləri qeyd edə bilərik.

Əlbəttə, əksər hallarda başlıca səbəb idarəçiliyin bərbad səviyyədə olması idi. Ancaq hazırda Premyer Liqada mübarizə aparan bir klub var ki, idarə olunması baxımından heç də tarixə qovuşanlardan geri qalmır və bu gedişlə gələcəkdə həmin siyahıya düşməyə əsas namizəddir. Söhbət “Ximki”dən gedir…

Maraqlıdır ki, tez-tez qalmaqalların mərkəzinə düşən Podmoskovye (Moskvaətrafı) klubunun Azərbaycan ilə çox bağlılığı var. Hər şeydən əvvəl, klubun əsas sərmayədarı həmyerlimiz Tufan Allahverdi oğlu Sadıqovdur.

Moskvada “yolların təmiri və qarın təmizləməsi işləriylə” məşğul olan iş adamı xeyli müddət “Ximki” ilə əlaqəsini gizlətməyə çalışdı. Sadıqov 2022-ci ilin avqustunun sonlarında “Matç TV”-nin jurnalisti ondan klubun vəziyyəti haqda soruşmaq üçün zəng edərkən “Niyə mənə zəng edirsiniz? “Ximki”nin sərmayədarı olduğumu haradan bilirsiniz? KİV elə yazıb? Onda həmin adamlardan soruşun” cavabını verdi. Amma həqiqət gec-tez üzə çıxdı.

Sadıqov, ümumiyyətlə, adının mətbuatda hallanmasını xoşlamır. Futbol sahəsində haqqında ilk xəbər 2019/20 mövsümünə təsadüf etdi. Həmin vaxt sahib olduğu “Olimp” Rusiyanın İkinci Liqasında iştirak üçün qeydiyyatdan keçdi. Özü də klub turnirin startına yalnız 2 gün qalmış bunu etməklə gündəm oldu. Heyəti isə tezbazar, agentlərin vasitəsilə quruldu, onlar bunun üçün hətta sosial şəbəkələrdə özləri “Olimp”ə futbolçular təklif etdi. Koronavirusa görə yarımçıq qalan həmin mövsümdən sonra klub Podmoskovyenin digər təmsilçisi olan “Dolqoprudnı” ilə birləşdi və “Olimp-Dolqoprudnı” adlanmağa başladı.

9c148aaaab0f0f0cbf845d1406d8abbe - Futbolinfo.az

Yeni yaranmış klubun saytında da Sadıqovun adına rast gəlinmədi. Halbuki, “Matç TV”-nin məlumatına görə, məhz iş adamı nüfuzlu Rinat Bilyaletdinovu məşqçi postundan istefaya göndərərək yerinə Aleksandr Toçilini gətirdi.

Lakin Sadıqov izi nə qədər azdırmağa çalışsa belə, oğluna olan sevgisi hər dəfə onu ələ verirdi. İlya əvvəlcə “Olimp”in, ardınca isə “Olimp-Dolqoprudnı”nın əsas futbolçusuna çevrildi. Orada isə Nikita Bajenov, Vladimir Qranat, Artur Sarkisov kimi təcrübəli oyunçuların yer almasına baxmayaraq, kapitanlıq 20 yaşlı İlyaya verildi.

2020/21 mövsümündən əvvəl Tufan Sadıqov “Olimp-Dolqoprudnı”nı ataraq daha perspektivli layihə olan, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun daim diqqətdə saxladığı və Dövlət Dumasının deputatı Roman Teryuşkovun kuratoru olduğu “Ximki”nin sponsoru olmaq qərarına gəldi. Bir həftə sonra isə klub “Olimp-Dolqoprudnı”dan İlya Sadıqovu transfer etdi. Həmin İlya ki, gələcəkdə “Ximki”də ciddi qalmaqala səbəb olacaqdı.

“Spartak”ın sabiq kapitanı Denis Qluşakov, həmçinin Yuri Jirkov, Pavel Mamayev, Elmir Nabiullin, Brayan İdovu, Rezuian Mirzov kimi futbolçularla güclənən Podmoskovye klubu Premyer Liqada ilk mövsümünü (2020/21) bərbad keçirdi. Xaos təkcə meydanda deyil, həm də məşqçi dəyişikliyində müşahidə olunurdu. İqor Çerevçenko əvvəlcə istefaya göndərildi, İqor Yuşenkoya cəmi 3 oyunda şans verildi (1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), ardınca yenə Çerevçenko gətirildi. Amma bunun da ciddi köməyi olmadı. “Ximki” 18 turdan sonra turnir cədvəlinin sonuncusu idi.

“Qırmızı-qaralar”ı vaxtilə ölkəmizdə işləyən Sergey Yuran xilas etdi. Onun başçılığı altında komanda sonda 13-cü oldu, elitada qalmaq uğrunda pley-off matçlarında isə “SKA-Xabarovk”u inamlı şəkildə üstələdi. Yuran həm də İlyanın tədricən Premyer Liqada təcrübə qazanmasında rol oynadı. Həmin vaxt 20 yaşlı hücumçu 9 oyunda üst-üstə 130 dəqiqə meydanda oldu və hətta 2 qol vurdu.

ruec921bb2db4 - Futbolinfo.az

Yuran 2021/22 mövsümün startında da təcrübəli futbolçulara güvənməyə davam etdi, İlyanı isə ilk 4 turda bir dəfə – 5 dəqiqəliyinə meydana buraxdı. Rusiya mətbuatının yazdığına əsasən, “Ximki” məhz bu səbəbdən baş məşqçini istefaya göndərdi. İddiaya görə, oğlunun ehtiyatda qalması Tufan Sadıqovun xoşuna gəlmədi.

Əslində, bu xəbərə inanmamaq üçün əsas da yoxdur. Büdcə və heyət baxımından Premyer Liqada 16 klub arasında 12-13-cü olan “Ximki” Yuranın başçılığı altında əla start götürmüşdü və 4 turdan sonra 7-ci pillədə gedirdi. “Qırmızı-qaralar” son illərin hegemonu “Zenit”lə heç-heçə etdi, “Nijni Novqorod” və “Torpedo” üzərində qələbə qazandı. Razılaşaq ki, belə nəticələrdən sonra baş məşqçini qovmağa səbəb yox idi.

Görünür, Sadıqov hətta Yurana 33 milyon rubl təzminat ödəməyi də gözə aldı. Bu qərar “Ximki”ni uçuruma apardı. Məşqçi dəyişikliyindən sonra komanda çempionatda keçirdiyi 13 oyunda cəmi 5 xal topladı və 10 məğlubiyyət yaşadı! Həmçinin, ölkə kubokunda qrup mərhələsində 6 matçın 4-də uduzdu və 2 xalla sonuncu oldu.

Yurandan sonra baş məşqçi postunu tutan Nikolay Pisarev cəmi 4 görüşün ardından eyni aqibəti yaşadı. “Ximki” hələ də onun və köməkçilərinin təzminatını ödəməyib. Söhbət təxminən 40 milyon rubldan gedir. Klub yarım ildir ki, futbolçulara olan borcunu da bağlaya bilmir. Bu məbləğ bir müddət 300 milyon rublu keçsə də, dekabrda azaldı.

“Ximki”ni yaxşı sonluq gözləmədiyini artıq çoxları anlayıb. Təsadüfi deyil ki, klubun Dövlət Dumasından olan kuratoru artıq Moskva vilayətinin təmsilçisindən uzaqlaşıb. Elə digər sponsorlar da vəziyyətin nə yerdə olduğunu anlayıb. “Joint Industries Limited Partnership” şirkəti “Ximki”dən 108 min avronu qaytarmağı tələb etdi. Qış fasiləsində “qırmızı-qaralar” birdən-birə 7 futbolçusunu itirdi ki, onlardan bir qismi əsas heyət üzvləri idi. Amma bu da hələ son deyil: yenə bir sıra oyunçular klubdan ayrılmağı düşünürlər.

Komanda daxilində ab-hava da idealdan uzaqdır. Rusiya mətbuatı Türkiyənin Belek şəhərindəki təlim-məşq toplanışı zamanı Ayaz Quliyevin (yeri gəlmişkən, Azərbaycanla əlaqəsi olan daha bir futbolçu) məşqçi Spartak Qoqniyevin iradlarından narazı qalaraq onu təkbətək söhbətə çağırdığını xəbər verirdi.

Şübhəsiz, əsas komanda ilə bağlı bu durum və qeyri-müəyyənlik əvəzedicilərə də təsir göstərməyə bilməzdi. Orada vəziyyət daha faciəvidir. Azərbaycan futbolunun əfsanəsi Nazim Suleymanovun məşqçi təyin olunduğu U-19 kollektivi hələ ötən ilin noyabrında B qrupunda 18 tur davam edən ikidövrəlik çempionatda 10 komanda arasında sonuncu yeri tutdu! İndi “Ximki”nin əvəzedicilərini A və B qruplarının ən zəiflərinin iştirakı ilə daha bir ikidövrəlik turnir gözləyir. Özü də “qırmızı-qaralar” xal sayına görə hazırda çox pis mövqeyi – 9-cu yeri tuturlar.

Əlbəttə, Rusiya futbolundan danışdığımızı unutmayaq: ötən mövsümün aşkar autsayderi “UOR 5-Yegoryevsk”in əvəzediciləri rəqiblərinin problemləri səbəbindən liqasında qaldı. Amma yenə də təkcə buna bel bağlamaq doğru olmazdı. İstənilən halda, Nazim Suleymanovu yeni postunda – əvəzedici heyətdə çox çətin günlər gözləyir və ona yalnız uğurlar arzulamaq qalır.

1d920327f4c6e255747d3c4b0de55f9b - Futbolinfo.az

Əlbəttə ki, belə məqamda bir müddət əvvəl “Ximki”nin Qurban Qurbanova təklif göndərməsini də unutmamalıyıq. Təbii ki, “Qarabağ”ın baş məşqçisi həvəskarcasına idarə olunan klubun yükünü çiyninə götürə bilməzdi. Onsuz da onu “Qarabağ”dan asanlıqla qoparmaq mümkün deyil, o ki qala “Ximki” kimi dağıntılar altında qalan klubda “xilasedici” kimi fəaliyyət göstərəsən.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp