“Barselona” iki futbolçusunun çıxışından məmnun deyil. Ansu Fati və Ferran Torres məşqçilərin ümidini doğrultmur.

Futbolinfo.az xəbər verir ki, sözügedən gənclər əsas heyətə düşməkdə çətinlik çəkir. Fatiyə zədələr daha yaxşı oynamağa imkan vermirsə, “Mançester Siti”dən alınan Torres kifayət qədər şans qazanmasına rəğmən, komandaya fayda verməyi bacarmır.

Baş məşqçi Xavi Ernandes növbəti mövsümdə onların başqa komandalara icarəyə verilməsini və ya satılmasını istəyir. Büdcənin kifayət qədər yüklənməsi üzündən bəzi oyunçularla vidalaşmaq məcburiyyətində olan İspaniya klubu ümidi doğrultmayan bu cütlükdən imtina etmək niyyətindədir.

Klubun yetirməsi olan Fati ilə 2021-ci ildə yeni müqavilə imzalanıb. 2026/27 mövsümünün sonunadək klubda qalmalı olan 20 yaşlı oyunçunu almaq istəyən 1 milyard avrosundan keçməlidir. Lakin “Barselona” indi onu daha ucuz qiymətə satmağın əleyhinə deyil.

Torreslə bağlı durum da eynidir. Sərbəstqalma dəyəri milyard avro müəyyənləşdirilən 22 yaşlı hücumçu bir il öncə “Siti”dən alınmış, 2027-ci ilin yayına kimi müqavilə imzalanmışdı. Amma ümidi doğrultmadığı üçün o, xeyli dəyər itirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp