“Neftçi” qış fasiləsində heyətini ciddi şəkildə gücləndirmədi. Müşahidə Şurasının yeni tərkibi açıqlandıqdan sonra büdcənin artırlması barədə deyilənlərin reallaşmasını görmədik.

Qış transfer pəncərəsində bir neçə bahalı futbolçu alacağı deyilən paytaxt klubu, yalnız gedənləri əvəzləməklə kifayətləndi. Belə ki, Mamadu Mbodjun yerinə Höccət Haqverdi gətirildi, Portuqaliya klubuna satılan Yusuf Lavalı Lebon Kilian, Kiprə transfer olunan Qodcvey Donyonu isə Mateus Saldanya əvəzlədi.

Faktiki oaraq, bütün mövqelərdə gedənlərin yerinə bir başqası transfer olundu. Ciddi güclənmədən, daha yaxşı oyunçuların gətirilməsindən danışa bilmərik. Klubun yeni rəhbərlyi sanki sabitliyi qorumağa çalışdı. Halbuki onlardan daha fərqli addımlar gözlənilirdi.

Əldə etdiyimiz bilgiyə görə, “Neftçi”də bütün planlar yeni mövsümə hesablanıb. Komandanın çempionatdakı nəticələri və kubokdakı aqibəti əsas götürülərək yayda addımlar atılacaq. Baş məşqçi Laurentsiu Regekampfın işi də məhz həmin vaxt dəyərləndiriləcək. Rumın çalışdırıcının taleyi qalan müddətdə görəcəyi işlərdən asılıdır.

Təkcə kuboku qazanmaqla iş bitmir. Faktiki bu gün sözügedən yarışda favorit “Neftçi”dir, iki əsas rəqib sıradan çıxdığını nəzərə alsaq, bir növ titulu qazanmağa borcludur. Klub rəhbərliyi komandanın oyunundakı inkişafı qiymətləndirərək addım atacaq. Ola bilsin, yeni strategiya müəyyənləşdirilsin və buna uyğun komanda qurulsun. Qışda əlavə maliyyə xərclənməməsi də daha çox yayda ciddi güclənmə planlarına hesablanıb.

AĞA

Shares: