“Neftçi” zirvəyə yaxınlaşmaq, ən azı 2-ci yer uğrunda mübarizə aparmaq şansını bir az da azaltdı. Sabah üz-üzə gələcək liderlərin qarşılaşması öncəsi bakılılar onlardan ən azı birinə yaxınlaşa bilərdi.

Amma bunun üçün Qəbələdə qələbə qazanmaq lazım idi. “Neftçi” isə meydan sahiblərinin müqavimətini qırmağı bacarmadı. Əksinə, xüsusilə ikinci hissədə “qırmızı-qaralar” daha yaxşı oynadı.

Laurentsiu Regekampfın yetirmələri ardıcıl 3-cü oyunda qapısını toxunulmaz saxlasa da, bu, “Neftçi” üçün uğur sayıla bilməz. Yalnız zəif komandalar üzərində qələbə qazanmaqla böyük vəzifələrin öhdəsindən gəlmək mümkün deyil. Rumın məşqçi paytaxt klubunun oyununda ciddi irəliləyişə nail olmayıb, qarşısına möhkəm komanda çıxan kimi taktiki gedişlər “daşa dirənir”, ortaya rəqibi təəccübləndirəcək heç nə qoya bilmirlər.

Hər dəfə özündən başqa hamıda günah görməyə imkan tapan Regekampfın bu gün hakimi hədəf alması maraqlı idi. Bəli, ideal idarəçilikdən danışa bilməyəcəyik, amma fit sahibi bakılıların qələbəsinə əngəl olacaq heç nə etmədi. Hətta rumın məşqçinin iddia etdiyi kimi, tez-tez oyunu dayandırırdısa da, bu, “Qəbələ”nin əleyhinə olan amil idi. Çünki meydan sahibləri sürətli futbolu rəqibindən daha yaxşı bacarır.

“Qəbələ” də taleyi ilə barışıb. Bölgə təmsilçisi bu gedişlə 4-cü pillədən əlini üzəcək və ümidini kuboka bağlayacaq. Elmar Baxşıyevin yetirmələri bu il qələbə görməyib və seriya 6 matçla ifadə olunur. Düzdü, bu müddətdə komanda daha çox heç-heçələrlə yadda qalıb, lakin istənilən halda, qələbəsizlik əhval-ruhiyyəyə mənfi təsir göstərir. Futbolçular hər dəfə qələbə qazanmadıqca psixoloji durumları bir az da pisləşir, əsəbləşirlər, bu isə səhvləri çoxaldır.

Bölgə təmsilçisi zədə və xəstəlik səbəbindən bir sıra oyunçularını itirməsəydi, bəlkə də bu oyunda qalib gələrdi. Xüsusilə fasilədən sonra komanda daha yaxşı görünürdü, ehtiyatdan oyuna daxil olanlar daha keyfiyyətli futbolçular olsa, birhissəli futboluna öyrəşdiyimiz “Neftçi”ni məğlub etmək mümkün idi.

Tur qolsuz başladı. Amma həftəsonu baş tutacaq digər oyunların daha məhsuldar olacağı gözlənilir. Qərb derbisi, liderlərin görüşü, autsayderlərin qarşılaşması… İzləməyə dəyər!

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp