“Turan Tovuz”un “Huner Group”la sponsorluq müqaviləsi sıradan əməkdaşlıq deyil. Bu, bəlkə də gələcəkdə ölkə futbolunun ürək döyüntüsünə çevriləcək layihədir. Hər halda, belə görünür, davamının gələcəyinə ümid edirik.

Şirkətin təsisçisi Ehtiram Quliyevin mətbuat konfransında dedikləri layihə-planın xəritəsidir. Təməldən yekun hədəfə kimi hər şey qaydasındaymış kimi görünür.

“Huner Group”la müqavilə sıradan sponsor anlaşması deyil. 4,5 illik müqavilə böyük bir prosesin startı sayılmalıdır. Tovuzun seçilməsi də yəqin ki, təsadüfi deyil. Bu şəhər Böyük Turan arzularında kilid nöqtəsinə tam uyğundur – Türkiyə ilə digər türk dövlətlərinin birləşdiyi körpüdə, “bel”ə vurulan kəmərin qaşı kimi.

Təsadüfi deyil, sponsorların hədəfi təkcə Tovuzda deyil, bölgədə futbolun inkişafıdır. İç problemləri ilə məşğul olan, qalmaqalların səngimədiyi daha böyük şəhər olan Gəncənin yox, Tovuzun seçilməsi düzgün addım sayılmalıdır. Bunun Qərb derbisindən öncə reallaşması daha maraqlı məqamdır. Akademiyanın prioritet seçilməsi, mərhələli inkişafa üstünlük verilməsi, idman nailiyyətlərinin bir neçə il sonraya hesablanması alqışlanmalıdır.

Yeni himayədarlar maliyyə həcmini açıqlamağı lazım bilmir. Bizdə olan bilgiyə görə, maliyyə 1-2 milyon manat arasında dəyişəcək. Amma Quliyevin “Göstərilən məbləğlər bizim üçün sərhəd deyil. Ehtiyaca görə əlavə maliyyə, digər sponsorların cəlbinə də baxırıq” açıqlaması daha düzgün yanaşmadır.

Əsas olan odur ki, “Huner Group” rəhbərliyi ələ almaq üçün gəlməyib, qarşılıqlı əməkdaşlıq etməyi, idarəetmədə daha yaxşı variantları tətbiq etməyi lazım bilir. Kluba sahiblənmək ideyası yoxdur, sadəcə, İdarə Heyətində iki nümayəndə yer alacaq. Məqsəd peşəkar idarəçilik strukturu yaradılmasıdır.

“100k” layihəsi maraqlı ideyadır, amma zaman göstərdi ki, azarkeşlərin ianələrinə ümid etməklə bu iş olmayacaq. Bəlkə də bu layihəni klub özü təklif etsəydi, yerli futbolsevərlər daha fəal iştirak edərdi, lakin təşəbbüsün illərdi mənfi imic qazanan AFFA-dan gəlməsi hamını çəkindirir, heç kim 5-10 manatını bu quruma həvalə etmək istəmir. Təsadüfi deyil, indiyədək lazım olan vəsaitin yalnız 15 faizi toplanıb. Uğursuzluğa düçar olmuş layihəni də yeni sponsorlar nöqtələyəcək: “Mövsümün sonunda əlavə dəstək lazım olsa, biz tamamlayacağıq”.

Ehtiram Quliyevin tablo və işıqlandırma sisteminin olmamasına diqqət yetirməsi vacib detaldır: “Ən qısa zamanda o işlərlə bağlı təkliflər alacağıq. Maliyyə imkanlarına da baxmaq lazımdır. Aktual görünür. Azarkeş kimi gələndə ilk olaraq tablonun olmaması gözümə dəydi. Amma həll olunması lazım olan digər məsələlər də var”.

Şirkət rəhbərinin mətbuat konfransının sonunda dedikləri bu anlaşmanın mahiyyətini açır: “Azərbaycan futbolunda “Azersun Holdinq”in “Qarabağ”a sponsorluğu kimi müsbət nümunə var. Məhz ona görə 4 il yarımlıq müqavilə imzaladıq. Keçici layihə olaraq baxmadıq. Uzunmüddətli yanaşmamızın olmasını istəyirik. Baş məşqçi, klub rəhbərliyi ilə müzakirələrimizdə hər şey uzun müddətə hesablanıb. Köklü həllərə ehtiyacımız var. “Qarabağ” kimi gözəl nümunə var. O da uzunmüddətli planın nəticəsidir. Əlimizdən gələni edəcəyik ki, ardı gəlsin. Seçimimizdə başlıca amillərdən biri klubun adının “Turan” olmasıdır. Bu, sadəcə, ad deyil, fəlsəfədir. Bu adın altında birləşməmək, dəstək olmamaq mümkün deyil. Əvvəllər öncəliyimiz “Qarabağ” idi. Cənab prezidentimizin rəhbərliyi ilə bunu həll etdik. İndi öncəliyimiz Turandır”.

Ümid edirik ki, gəlişigözəl sözlər deyil, real arzu, hədəfdir. Niyyət təmizdirsə, sitatdakı son cümlə kifayət edir. Xeyirli olsun!

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp