“Qarabağ” minimum vəzifənin öhdəsindən gəldi. Avrokubokda çətin sınaq öncəsi ağdamlıların əsas məqsədi uduzmamaq idi və buna nail oldular. Liderin əsas izləyicisi olan “Sabah”la görüşdə ev heç-heçəsi normalda xal itkisi sayılmalıdır, lakin hazırkı şəraitdə “köhlən atlar” üçün bir xal da qənimətdir.

Təəssüf ki, hakimlik belə gözəl oyunun önünə keçdi. Elçin Məsiyevin FIFA referisi adına layiq olmadığını hətta VAR da sübut etdi. Hesab 1:0 olarkən “Qarabağ”ın qapısına penalti təyin olunmaması üçün heç bir səbəb yox idi. Lakin referi VAR-a baxdıqdan sonra da adi gözlə görünən doğru qərarı vermədi. Onu dinləyib qərarının izahatını eşitməyi çox istərdik. Amma istənilən bəhanəsi belə yerinə düşməyəcək. Həmin epizodda penalti təyin etməmək qərəz idi.

Murad Musayevin də dediyi kimi, “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Oyunun sonrakı dəqiqələrində də bunu sübut etdilər. Lakin Elçin göz görə-görə qərəzli davranmaqla Ağdam klubunu hədəfə gətirdi.

3 5 - Futbolinfo.az

Az sonra “Sabah” layiq olduğu qolu özü vura bildi və ədaləti bərpa etdi. Lakin 87-ci dəqiqədə Məsiyev daha bir kobud səhviylə hamını “məst etdi”. O, bu dəfə Abdulla Zubiri tapdalayan rəqib müdafiəçinin hərəkətinə göz yumub “Qarabağ”ın penaltisini təyin etmədi. Bəlkə də oyunun ən ədalətli nəticəsi elə heç-heçə idi, lakin hakim “özü ilə də heç-heçə oynadı”.

Oyuna gəlincə, “Sabah” “Qarabağ”ın gərgin qrafikindən və hələ də optimal formaya düşməməsindən tam yararlana bilmədi. Qələbə vəziyyəti tamamilə dəyişə, qızıl medallar uğrunda mübarizəyə rəng qatardı. Masazır təmsilçisi nəticə baxımından istəyinə nail olmasa da, oyunu ilə rəqabətə hazır olduğunun anonsunu verdi.

Qərb derbisi də mərkəzi oyun qədər maraqlı alındı. Tovuzda izlədiyimiz gözəl qarşılaşma ətrafında ajiotaj diqqət çəkdi. Yeni sponsoruna qovuşan “Turan Tovuz” onları gözəl oyun və layiqli qələbə ilə salamlaya bildi. Son turlarda yaxşı oyunu ilə diqqət çəkən “Kəpəz” bu dəfə rəqibə meydanın mərkəzində uduzmaqla məğlubiyyətlə barışdı. Daha çox hücum edən, epizod yaradan, topa sahib olan “Turan Tovuz” fasilə ərəfəsində və ikinci hissənin startında vurduğu ardıcıl qollarla qələbəni bayram etdi.

Matçın gedişində azarkeşlər yenidən istefa şüarlarına start verdi. Mövsümün əvvəlində olduğu kimi, yenə uğursuzluq olan kimi baş məçqçi hədəf alındı. Bəlkə də Tərlan Əhmədovun səhvləri var, lakin əmin olun ki, “Kəpəz”in problemi heç də komandanın oyunu ilə bağlı deyil. Klubun idarə edilməsində ciddi qüsurlar var, rəhbərlik hətta Divizion klubuna başçılıq etmək bacarığına malik deyil. Gəncə təmsilçisinə qohumu hesabına təyinat alan biri yox, ciddi, qətiyyətli, səriştəli rəhbər lazımdır.

7 - Futbolinfo.az

“Kəpəz” yenə zirzəmidədir. Növbəti turlar daha çətin olacaq və komandanın Premyer Liqanı tərk etmək ehtimalı xeyli yüksəkdir. Əsas rəqiblərlə xal fərqi bir o qədər böyük deyil, amma klub daxilində izlədiyimiz xaosla fərqli aqibəti düşünmək olmur. “Turan Tovuz” isə ardıcıl iki qələbə ilə nəinki 6-cı pillədə möhkəmləndi, hətta “Qəbələ” ilə xal fərqini də əhəmiyyətli şəkildə azaltdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp