Ötən ay “Qarabağ”dan “Ferentsvaroş”a transfer olunan Kvabena Ovusunun futbolinfo.az saytına müsahibəsi
– Macarıstan çempionatında keçirdiyin ilk oyunda qol vurdun, ikincidə zədələndin. Hazırda vəziyyətin necədir?
– Diqqətim sağlamlığıma yönəlib. İdmanda bu cür hallar ola bilər. Təəssüf ki, ciddi zədə aldım. Amma bu, məni pis etmir. Çünki daha güclü şəkildə geri qayıdacağam.
– “Ferençvaroş”a keçidin bir az gözlənilməz, ani oldu. İsrarla “Qarabağ”ı dəyişmək istəməkdə səbəb nə idi?
– “Ferentsvaroş” böyük klubdur, zəngin tarixə malikdir. Komanda illərdir ki, avrokuboklarda iştirak edir. Çempionlar Liqasında oynamaq, orada yaxşı çıxış etmək kimi məqsədimiz var. Həmişə böyük hədəfləri olan klubda çıxış etmək mənim üçün çox yaxşıdır.
– Və yeni komandanda ilk oyunda qol vurdun…
– Çıxdığım ilk matçda qol vurduğum üçün xoşbəxtəm. Yeni komandada birinci matçda fərqlənmək həmişə vacibdir.
– Necə düşünürsən, “Ferentsvaroş”da “Qarabağ”dan daha uğurlu olacaqsan?
– Qolla başladım, ardını gətirmək istəyirdim. Amma ağır zədə aldım. Buna çox üzülürəm. Ümid edirəm ki, pis şeylər bundan sonra məndən uzaq qaçacaq. Daha yaxşı şəkildə geri dönəcəm və yaxşı şeylər edəcəm.
– Sizcə, Macarıstan liqası Azərbaycan çempionatından güclüdür?
– Macarıstan 1-ci liqası haqqında hələ ki, kifayət qədər məlumatım yoxdur. Bu səbəbdən müqayisə edə bilməyəcəm. Daha çox məlumat əldə etdikdən sonra danışa bilərəm.
FƏRİD