Sevgililər Günü Azərbaycanda hər nə qədər populyar olmasa da, 14 fevralı qeyd etmək üçün səbəb var. Futbol sevgimizin bir nişanəsi olan “Turan”ın ad günüdür.

1992-ci ilin bu günü Azərbaycanda ilk peşəkar futbol klubu yarandı. Ədliyyə Nazirliyində qeydiyyat tarixi kimi fevralın 13-ü göstərilsə də, klub nümayəndələri məhz ayın 14-ü qeyd edir.

Ölkə futbolu SSRİ şinelindən çıxan “Neftçi”nin adına bağlı olsa da, müstəqil futbolun dadını məhz Tovuz klubu ilə çıxarmağa başladıq. Bəlkə də avrokuboklarda çıxış etmək imkanının ilk dəfə “Turan”a qismət olması mükafat idi. Üstəlik, rəqibin “Fənərbaxça” olması rəmzi məna daşıyırdı. Türkiyə klubunu biz yox, püşk seçmişdi. Lakin “Turan” adının böyük anlamda təsdiqi, brendə çevrilməsi üçün qardaş ölkə komandasıyla görüş ilə debüt yaddaqalan oldu.

14249936 1084738804942161 8627319929438208467 o - Futbolinfo.az

Ötən həftə “Turan Tovuz”la sponsorluq müqaviləsi bağlayan “Huner Group” rəhbərliyi klubun tarixi ilə maraqlansaydı, 14 fevralın ad günü olduğunu bilsəydi, bəlkə də təqdimatı bugünə saxlayardı. Tədbirdə Turan yolçuluğundan bəhs edənlərin sözünə qüvvət, devizinə dəstək olardı. Bəlkə də Qərb derbisi günü təqdimat etməklə ad gününü yaddan çıxardılar, təntənə üçün başqa məqamı seçdilər.

Hər nə olursa olsun, 31 illik tarixdən danışırıq. 1 qızıl, 1 gümüş, 2 bürünc medalın sahibi olan, ən çətin zamanlarda belə yaşamağa güc tapan, aşağı liqalarda da olsa, fəaliyyətini davam etdirən “Turan” bu mövsüm Premyer Liqaya qayıtmaqla futbolumuza rəng qatdı. Ötənhəftəki sponsorluq müqaviləsinin klubun yenidən çiçəklənməsinə, Tovuzun futbol məbədi adını özünə qaytarmasında rol oynayacağına ümid edirik.

Turan Tovuz IK loqo 1 - Futbolinfo.az

Tovuz futbol ənənələrinə görə hətta paytaxta əlcək atan regiondu. Təsadüfi deyil, rayonda ilk komanda hələ ötən əsrin əvvəlində – 109 il öncə yaranıb.

Qəribə olsa da, rayonun futbol tarixi almanların adı ilə bağlıdır. 1912-ci ildə bir qrup alman Tovuza köç edib burada məskən salır, təsərüffat işləri ilə məşğul olurlar. Tovuza futbolu da onlar gətirir. 1914-cü ildə rayonda “Trabonfeld” adlı ilk futbol komandası yaradılır – bu, avropalıların rayonda saldığı şəhərciyin adı idi, komandaya verilmişdi.

Sonradan rayonda ilk stadionu tikən almanlar şəhərdə futbol sevgisinin toxumlarını səpdilər. 1916-cı ildə artıq daha yaxşı təşkilatlanan “Rothe Fahne” (Qırmızı Bayraq) klubu yaradıldı.

Sonrakı illərdə Tovuzda komandaların sayı artdı, qonşu respublikaların komandaları ilə oyunlar sıralandı. Qara Əliyev adlı tovuzlu gəncin fəallığı ilə top oyunu daha da məşhurlaşdı. Sonradan Respublikanın Əməkdar İdman Xadimi adına layiq görülən bu şəxs Tovuz futbolunun banisi kimi qəbul edilir. 1930-cu ildə Əliyev yeni yaranan komandaları birləşdirib Tovuz şəhər yığmasını təşkil edincə “Rothe Fahne” fəaliyyətini dayandırdı.

330821772 1180544099262297 4440916708585580901 n 1 - Futbolinfo.az

HAŞİYƏ: “Rothe Fahne” bir də 2004-cü ildə bərpa edildi. Lakin “Turan”ın farm-klubu kimi düşünülən, yerli gənclərdən qurulan və aşağı liqada mübarizə aparan komanda uzun müddət yaşamadı.

İki Dünya Müharibəsi Tovuz futboluna da zərbə vurdu. Rayonda müharibədən sonra ilk komanda 1946-cı ildə yaradıldı. Həmin vaxt artıq almanlar yox idi, 1941-45 müharibəsinin nəticəsi kimi onlar Sibirə sürgün edilmişdi.

6 il yaşayan “Spartak”ı 1952-ci ildə “Kolxozçu” Könüllü idman Cəmiyyətinin eyniadlı kollektivi əvəz etdi. Daha 4 il keçdi, “Məhsul” cəmiyyəti ilə “Kolxozçu” cəmiyyəti birləşdi və komandaya birincilərin adı verildi. “Məhsul” 1990-cı ilə kimi yaşadı, 57-də paytaxt təmsilçilərinin hegemonluğuna son qoyub “Büllur” kuboku adlanan Azərbaycan kubokunu Tovuza gətirdi.

“Məhsul” sonrakı fəaliyyəti dövründə yalnız Azərbaycanın daxili çempionatında mübarizə aparırdı.  Qarşıya qoyulan əsas məqsəd isə ölkənin aparıcı klubları üçün futbolçu yetişdirmək idi. Və bunu məharətlə bacardılar.

1990-cı ildə komandanın adını dəyişib “Oğuz” qoydular. Tovuz sözünün mənası 7 oğuz anlamına gəlir. Buna görə də o dövrün tovuzlu ziyalıları belə təşəbbüslə çıxış etdi. Lakin bu komandanın ömrü cəmi 1 il sürdü.

Və bu gün 31-ci ildönümünü qeyd etdiyimiz hadisə baş verdi. Tovuz futbolunun ənənələrini davam etdirmək üçün “Turan” yaradıldı.

1493374626 5670943590212dbbcd4c - Futbolinfo.az

1991-ci ildə rayonda təşkil olunan futbol turnirindən sonra ən yaxşılar bir komandaya yığıldı. Turnirin təşkilatçısı olan Tovuz Şəhər Stadionunun direktoru Məzahir Tağıyev komandanın qonşu rayonlara səfərlərini, yoldaşlıq görüşlərini reallaşdırdı. Komandanın yaşaması üçün lazım olan maliyyə dəstəyini isə keçmiş voleybolçu olan tovuzlu iş adamı Vidadi Əhmədov təmin etdi.

Klubun adını rayonun polis şöbəsinin rəisi Novruz Həsənov seçdi. Əhmədov onun təkidi ilə futbol klubuna yardım etməyə razı olmuşdu. Vətənpərvərliyi ilə tanınan bu şəxs klubun rənglərini də türkçülüyün simvolu kimi göy-ağ olaraq müəyyənləşdirdi.

Beləliklə, Vidadi Əhmədovun maliyyə yardımı ilə “İbrahim” kiçik müəssisəsinin 5 nömrəli əmrinə əsasən, Azərbaycanın ilk peşəkar futbol klubu olan “Turan” yaradıldı.  Klubun Əsasnaməsinin hazırlanması klubun direktor olan Məzahir Tağıyevə tapşırıldı.

“Turan”ın ilk baş məşqçisi Zahid Hüseynov səhhətindəki problemlərə görə uzun müddət çalışmadı. Onun yerinə gətirilən Ruslan Abdullayev qısa zamanda iddialı kollektiv formalaşdırdı. Ardıcıl iki bürünc medal qazanan mütəxəssis, 1993-94-cü il mövsümünün startındakı əla başlanğıcdan sonra qəfil istefa verdi, 1994-cü ilin fevralında isə komandaya Kazbek Tuayev baş məşqçi təyin olundu. Çempionat qızıl medalla bitdi və tovuzlular Azərbaycanı ilk dəfə UEFA kubokunda təmsil etmək hüququ qazandı. O zaman avrokuboklara cəmi bir vəsiqəmiz olduğundan, bunu “Turan” əldə etdi.

“Fənərbaxça” ilə duellər 0:5 və 0:2 hesablı məğlubiyyətlərlə bitdi. Komanda ev oyununu Sumqayıtda keçirsə də, Tovuz ölkə futbolu tarixinə növbəti möhürünü debütlə vurdu. Bu, “Turan”ın ölkə futboluna gətirdiyi yeganə siftə deyildi. İlk peşəkar klub, əvəzedici heyəti olan ilk komanda, Naci Şensoyun simasında ilk əcnəbi məşqçi – bunlar hamısı Tovuzda reallaşıb. “Turan” 1993-97-ci illər aralığında evdə 157 məğlubiyyətsiz oyun keçirməklə ölkə rekordu da müəyyənləşdirib. Onlarla tovuzlu futbolçu SSRİ dönəmində “Neftçi”nin heyətinə cəlb olunub, müstəqillik dövründə milli komandaya dəvət alıb və ölkənin digər klublarına səpələnib.

загружено - Futbolinfo.az

Nə yaxşı ki, ötən illərdə dediyimiz “sağlığ”ı indi təkrarlamırıq. Maliyyə problemləri üzündən “Turan-T”-yə, “Turan Tovuz”a çevrilən komanda üçün hər ad günündə “gül gəlsin, güclülər arasına qayıtsın” arzusunu dilə gətirirdik. İndi isə Qərb klubu eltadadır, arzular da böyüyüb. İndi komandanın yenidən medalçılar sırasına qayıtmasını, Avropa səhnəsinə dönüşünü arzulayırıq. Və ilə ilk mövsümündəcə “Turan” buna yaxındır. Ölkə kubokunun yarımfinalına vəsiqə qazanan komandanın işləri yolunda getsə, elə bu yay Avropa Türk röyası ilə əyani tanış olacaq.

Ad günün mübarək, “Turan” – 109 illik futbol ənənəsi olan Tovuzun 31 yaşlı qüruru!

FƏRİD

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp