“Kəpəz”in yarımmüdafiəçisi Mate Kvirkviya Misli Premyer Liqasının 23-cü turunda dubl etməklə komandanın son pillədən qurtulmasında böyük rol oynadı. “Şamaxı” ilə ev oyununun (3:2) qəhrəmanına çevrilən gürcü futbolinfo.az saytına müsahibəsində həm bu matçdan, həm də mövsümün gedişindən danışıb.

– “Şamaxı” üzərində qələbəni necə şərh edərdin?

– Bu oyun hər iki komanda üçün vacib idi. Lakin qələbəyə daha layiq olan tərəf biz idik. Haqq etdik və meydandan 3 xalla ayrıldıq. Qələbəni gözəl futbolla qazandığımızı da deyə bilərəm.

– Sonuncu pillədən xilas oldunuz. Bu, sizə motivasiya verir?

– Təbii ki, bu fakta sevinmək lazımdır. Düşünürəm ki, sonuncu pillədən xilas olmaqla yanaşı, inam qazandıq. İndiyə qədər əldə edə bilmədiyimiz motivasiyamız da artdı. Fikrimcə, gələcək oyunlara bu öz təsirini göstərəcək.

– Bu matçda iki qol vurdun və oyunun qəhrəmanına çevrildin…

– Buna görə çox xoşbəxtəm. İndiyə qədər bəxtim gətirməyib. Amma Allah kömək etdi, iki qol vurdum. Sevincliyəm, amma daha çox komandanın qələbəsinə sevinirəm. Bu, çox önəmlidir.

– Qarşılaşmadan sonra olan görüntülər sosial şəbəkədə müzakirəyə çevrildi. Komanda yoldaşların səni azarkeşlərin yanına getməyə qoymurdu. Orada nə baş vermişdi?

– Heç bir şey olmamışdı, hər şey yaxşıdır. Azarkeşlərlə isti münasibətlərimiz var.

– Növbəti oyun səfərdə “Sumqayıt”a qarşı olacaq və bu matç da sizin üçün önəmlidir…

– Biz hər oyunda qalib gəlmək əzmindəyik. Heç nədən qorxmuruq. Gücümüzü bilirik və əminəm ki, növbəti matçda da azarkeşlərimizi sevindirəcəyik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp